RU

Kürdəmirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Mayın 5-də “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və “Bakı prospekti 20” (“Kürdəmir Gənclər evi”sosial  xidmət müəssisəsi) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə  “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə əvvəlcə xalqımızın  Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycanın  ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə  həsr edilmiş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.

Tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov, məruzə edərək bildirib   ki, bu gün gənclərimizə böyük etimad, diqqət və qayğının  göstərilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər. 1993- cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə olan diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu.

Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə 2020-ci ildə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində  ermənilərə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər.   Bütün bu möhtəşəm uğurlar isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi,  soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və sülh  sazişinin imzalanması istiqamətinddə fəaliyyətdir. Son beş il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı.

 “Kürdəmir Gənclər evi”sosial xidmət müəssisəsinin metodisti Cəmilə Məmmədova  və Garıs-Əyribənd kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Sevər Bayramova çıxış edərək  bildirdilər ki, hər bir xalqın gələcəyi onun təhsilindən başlayır. Təhsil yalnız bilik vermir, həm də cəmiyyətin dünyagörüşünü formalaşdırır, milli kimliyi qoruyur və dövlətin inkişafına zəmin yaradır. Məhz bu səbəbdən Ulu Öndər  Heydər Əliyev təhsili strateji sahə kimi qiymətləndirmiş və bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi dövründə, xüsusilə 1970–1980-ci illərdə Azərbaycanda təhsil sahəsində genişmiqyaslı işlər görülmüşdür. Təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəmin yaratmışdır.

Natiqlər vurğulayıblar ki, ölkə rəhbəri cənab İlham Əliyev gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və  Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  cənab  İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevirlməsi prosesinə  öz töhfəsini verməyə  çalışır.

Избранный
17
50
ikisahil.az

10Источники