RU

Anakliya limanı “Tramp marşrutu”na qarşı

Gürcüstan yolu yükdaşımalarda inhisar yaradıb və Zəngəzur dəhlizinin açılması buna son qoya bilər - ekspertdən gözlənti

Gürcüstanın Qara dəniz sahilində tikilməsi planlaşdırılan Anakliya dərin su limanı regionda formalaşan yeni nəqliyyat marşrutları fonunda ciddi rəqabətlə qarşı-qarşıya qalıb. Xüsusilə Ermənistan üzərindən keçməsi nəzərdə tutulan və qeyri-rəsmi olaraq “Tramp marşrutu” adlandırılan alternativ xətt Tiflisin tranzit mövqelərinə birbaşa təhdid kimi qiymətləndirilir.

Bəllidir ki, “Tramp marşrutu” Orta dəhlizin daha qısa alternativi kimi nəzərdən keçirilir. Bu xəttin reallaşması halında yük axınlarının bir hissəsi Gürcüstan ərazisindən yan keçərək Ermənistan və Türkiyə üzərindən daşına bilər. Ekspertlər hesab edir ki, belə bir ssenari Anakliya limanının gələcək yüklənmə potensialına ciddi təsir göstərə bilər. Çünki limanın əsas funksiyası məhz Orta dəhliz üzrə daşınan yüklərin Qara dəniz üzərindən Avropaya çıxışını təmin etməkdir.

Alternativ marşrutun əsas üstünlüklərindən biri onun Türkiyə ilə birbaşa əlaqələndirilməsidir. Hazırda tikilməkdə olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi “Tramp marşrutu”nun logistika imkanlarını daha da genişləndirə bilər. Bu isə regionda yeni nəqliyyat balansı yaradır və Gürcüstanın illərdir qoruduğu tranzit üstünlüyünü sual altına qoyur.

Buna baxmayaraq, Gürcüstan tərəfi Anakliya limanının əhəmiyyətinin azalmadığını bildirir. İllik ötürmə qabiliyyətinin 15 milyon ton olması planlaşdırılan liman Qara dənizdə iri yük gəmilərini qəbul edə biləcək azsaylı infrastrukturlardan biri olacaq. Rəsmi Tiflis hesab edir ki, limanın istismara verilməsi ölkənin tranzit potensialını artıracaq və alternativ marşrutların yaratdığı riskləri müəyyən qədər kompensasiya edəcək.

Anakliya layihəsi təkcə regional deyil, həm də qlobal güclərin maraq dairəsindədir. ABŞ limanın Çin nəzarətinə keçməsinə qarşı çıxır və bunu təhlükəsizlik baxımından riskli hesab edir. Çin isə layihəni Avropa ilə ticarət əlaqələrini genişləndirmək üçün strateji imkan kimi görür. Beləliklə, Anakliya limanı ətrafında gedən proseslər sadəcə iqtisadi deyil, həm də geosiyasi rəqabətin tərkib hissəsinə çevrilib. “Tramp marşrutu”nun gündəmə gəlməsi Cənubi Qafqazda nəqliyyat xəritəsini dəyişdirə bilər. Bu şəraitdə Anakliya limanı Gürcüstanın əsas strateji cavabı kimi çıxış edir. Lakin rəqabətin necə nəticələnəcəyi həm region ölkələrinin qərarlarından, həm də ABŞ və Çin kimi qlobal oyunçuların mövqeyindən asılı olacaq.

Xatırladaq ki, 2017-ci ilin noyabrında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Gürcüstanın Anaklia Dərin Dəniz Limanı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda iki ölkənin dəniz limanları arasında informasiya mübadiləsi, ticarət dövriyyəsinin artırılması və əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdə tutulub. Mütəxəssislərə görə, ümumi dəyəri 2,5 milyard dollar olan Anaklia dərin dəniz limanı qədim İpək yolu marşrutunda Azərbaycan və Qazaxıstanın mövqeyini möhkəmlədəcək.

Gürcüstan uzun illərdir Azərbaycanın əsas tranzit tərəfdaşıdır. Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri, Bakı-Tiflis-Ərzurum (BTE) qaz kəməri Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu və TANAP bu əməkdaşlığın təməlini təşkil edir. Bu layihələr təkcə texniki deyil, siyasi mənada da Azərbaycanla Gürcüstanı sıx birləşdirir. Yəni burada bir mövqe dəyişimi, ya da əvəz olunma situasiyası yox, sadəcə, alternativ bağlantıların qurulması var. Keçmiş prezident Mixail Saakaşvili isə iddia edir ki, Ermənistan üzərindən keçəcək yeni dəhliz Gürcüstanın strateji rolunu zəiflədəcək. Son dövrlər bu yöndə digər gürcü siyasətçilərin də narahatlığı diqqəti cəlb edirdi.

Natiq

Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Gürcüstan yolu yükdaşımalarda inhisar yaradıb və Zəngəzur dəhlizinin açılması buna son qoya bilər. Onun sözlərinə görə, bununla belə, Anakliya limanı ilə Zəngəzur dəhlizini bir-birinə kömək edəcək layihələr adlandırmaq lazımdır: “O yüklər Azərbaycana gəlməlidir və sonra Gürcüstana keçib Qara dənizdən Avropaya daşınmalıdır. Bu gün də Şərq-Qərb dəhlizinin bir hissəsi kimi yüklər daşınaraq Qara dəniz limanlarına çıxır. Sadəcə, Zəngəzur dəhlizi açılanda yüklər birbaşa Avropaya daşına bilər. Yəni malların limanlara yüklənməsi əlavə işdir”.

N.Cəfərli qeyd edib ki, Anakliya limanı ilə bağlı Gürcüstanın Çinlə müqaviləsi var: “Bu faktor Tiflisin ABŞ və Avropa ilə münasibətlərini korlayb. Yəni Qərbin Gürcüstan hakimiyyətinin ünvanına demokratiya, insan haqları ilə bağlı tənqidləri görünən tərəfidir. Əslində Gürcüstanın bu limanı Çinə verməsi problem kimi dayanır və ABŞ, eləcə də Avropa İttifaqı tərəfindən xoş qarşılanmır. Çünki bu limanı Çinin nəzarətinə vermək istəmirlər. Ona görə ABŞ Gürcüstanla münasibətləri yumşaltmaq istəyir, Avropa isə hələlik addım atmayıb. Çox güman ki, bu limanla bağlı məsələni həll etmək istəyi var. Gürcülər də amerikalılardan yaxşı təklif gözləyirlər ki, həmin limanın istifadəsini Çinə yox, ABŞ-yə versinlər. Avropa Birliyi isə təklif edir ki, limanı birgə işlətsinlər. Belə desək, bu liman Gürcüstanın əlində manevr imkanı yaradıb. Zəngəzur dəhlizinin açılması isə yükdaşımalarda bu inhisarçılığa son qoya bilər. Eyni zamanda Azərbaycanla Qazaxıstan birgə şirkət yaradıblar. O layihə ilə yüklərin bərabər şəkildə bölünməsi də reallaşa bilər. Ancaq hələ də bəzi gürcü rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı tərəddüd edirlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Избранный
20
7
musavat.com

10Источники