RU

Prezidentin Zəngilandakı çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən dövlət olduğunu sübut edir – ŞƏRH

Bakı, 10 may, AZƏRTAC

Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildən artıq dövrünü əhatə edən mürəkkəb siyasi tarixinin, dövlətçilik fəlsəfəsinin, milli iradənin və geosiyasi mübarizəsinin məcmusudur. Bu mesajların Zəngilandan verilməsi də təsadüfi deyil. Çünki Zəngilan Azərbaycan dövlətinin siyasi qətiyyətinin, strateji baxışının və Böyük Qayıdış ideyasının simvollarından birinə çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan əsas məqamlardan biri Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında oynadığı misilsiz rolla bağlıdır. Çünki bugünkü güclü Azərbaycan təsadüf nəticəsində, yaxud siyasi proseslərin təbii inkişafı sayəsində yaranmayıb. 1990-cı illərin əvvəllərində ölkə faktiki olaraq parçalanma və məhv olmaq təhlükəsi ilə üz-üzə idi. AXC-Müsavat hakimiyyəti dövründə hökm sürən siyasi səriştəsizlik, idarəçilik böhranı, özbaşınalıq və anarxiya Azərbaycanı dərin uçuruma sürükləmişdi. Məhz həmin dövrdə Şuşa, Laçın və Kəlbəcərin işğalı baş verdi. Dövlət idarəçiliyi təsadüfi və hazırlıqsız insanların əlinə keçmişdi. Heç bir təcrübəsi, biliyi və strateji düşüncəsi olmayan şəxslər ölkənin taleyüklü postlarını zəbt etmişdilər:“Rəhim Qaziyev kimi populist və məsuliyyətsiz şəxslərin fəaliyyəti isə faciənin miqyasını daha da böyütdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən adamın sonradan nümayiş etdirdiyi davranış xəyanətin və siyasi qorxaqlığın simvolu kimi bu gün də unudulmayıb. O dövrün hakimiyyətinin təxribatçı fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmış, separatizm güclənmiş və Azərbaycan dövlətçiliyi faktiki olaraq çöküş həddinə çatdırılmışdı”.

Deputat vurğulayıb ki, belə bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev siyasi uzaqgörənliyi və dövlətçilik təcrübəsi ilə Azərbaycanı xaosdan çıxardı. Məhz onun formalaşdırdığı siyasi kurs sonrakı illərdə Azərbaycanın güclü dövlətə çevrilməsinin təməlini qoydu. Prezident İlham Əliyevin Zəngilanda vurğuladığı kimi, əgər 1993-cü ildə xalq-iqtidar birliyi yaranmasaydı, bugünkü qələbə də mümkün olmazdı. "Dövlətimizin başçısının qetd etdiyi kimi, həmin dövrdə Azərbaycanın qarşısında təkcə daxili problemlər dayanmırdı. Xarici təzyiqlər, beynəlxalq ikili standartlar və ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti işğalın uzadılmasına xidmət edirdi. Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya kimi həmsədr dövlətlərin hər biri müxtəlif səbəblərlə status-kvonun saxlanılmasında maraqlı idi. Onların əsas məqsədi problemi həll etmək deyil, prosesi idarəolunan vəziyyətdə saxlamaq idi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanı dayandırmaq, zəiflətmək və təslimçi sülhə məcbur etmək üçün ölkəyə ciddi siyasi təzyiqlər göstərilirdi. Lakin Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq və strateji diplomatiya bütün bu maneələri mərhələli şəkildə aradan qaldırdı. Azərbaycan iqtisadi cəhətdən gücləndi, ordusunu modernləşdirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi və nəticədə 2020-ci ildə tarixi Zəfərə imza atdı. Bu qələbənin əsasında yalnız hərbi güc yox, uzun illər ərzində aparılmış sistemli dövlət siyasəti dayanırdı. Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri də xalq-iqtidar birliyi ilə bağlıdır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı misilsiz həmrəylik nümayiş etdirdi. 1993-cü ildə dövlətçiliyi xilas edən milli birlik 2020-ci ildə torpaqları azad edən əsas siyasi və mənəvi gücə çevrildi. Bu amil Azərbaycanı regionda fərqləndirən ən mühüm strateji üstünlüklərdən biridir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın tam suverenliyinin bərpasını təmin etdi. Bu əməliyyat ani qərarın nəticəsi deyildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, illərlə aparılmış taktiki hazırlıq, diplomatik fəaliyyət, hərbi gücün artırılması və siyasi iradə bu nəticəni mümkün etdi. Azərbaycan bir gündən az müddətdə beynəlxalq hüququ tam bərpa edərək separatizmə son qoydu",- deyə o bildirib.

Azər Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən mühüm xüsusiyyətlərindən biri verdiyi bütün vədlərə əməl etməsidir. Hələ 2000-ci illərin əvvəllərində dövlətimizin başçısı azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağını və həmin ərazilərdə yüksək yaşayış standartlarının təmin olunacağını bəyan etmişdi. Bu gün Zəngilan, Füzuli, Laçın və digər azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng layihələr həmin vədlərin real nəticəsidir. Böyük Qayıdış proqramı artıq siyasi şüar deyil, praktiki reallıqdır.

“İşğal dövründə Ermənistanın həyata keçirdiyi vandalizm siyasəti isə bölgədə ağır ekoloji fəlakət yaradıb. Təkcə Zəngilan və ətraf ərazilərdə 60 min hektardan çox meşə fondu məhv edilib, nadir ağac növləri qırılıb, təbiət sistemli şəkildə talan olunub. Bu, beynəlxalq hüquqa görə ekosid cinayətidir. Ermənistan yalnız şəhərləri deyil, bütöv ekosistemi dağıdıb. Bu gün azad edilmiş ərazilərdə ən ciddi problemlərdən biri mina təhlükəsidir. Ermənistan xəritələri tam təqdim etmədiyindən minlərlə hektar ərazi hələ də təhlükəli olaraq qalır. Müharibədən sonra yüzlərlə insan mina partlayışlarının qurbanı olub. Buna baxmayaraq, Azərbaycan dünyanın ən böyük minatəmizləmə proqramlarından birini həyata keçirir və paralel şəkildə genişmiqyaslı bərpa işlərini davam etdirir”, - deyə o diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında mühüm yer tutan məsələlərdən biri də sülh prosesi idi:”Azərbaycan bu gün regionda sülh gündəliyinin müəllifi kimi çıxış edir. Lakin bəzi xarici qüvvələr, xüsusilə Fransa rəhbərliyi prosesi pozmağa çalışır. Emmanuel Makronun müharibə dövründə Ermənistanı açıq şəkildə müdafiə etməsi və sonrakı populist bəyanatları Fransanın vasitəçi statusunu tamamilə sıradan çıxardı. Əgər Ermənistanın arxasında dayanan qüvvələr, həqiqətən, güclü idilərsə, onda niyə Ermənistan həm 2020-ci ildə, həm də 2023-cü ildə ağır məğlubiyyətə uğradı? Makronun çıxışları əslində beynəlxalq hüququn açıq şəkildə pozulduğunu etiraf etməkdən başqa bir şey deyil. Bu gün Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının “müşahidə missiyası” adı altında fəaliyyət göstərən qüvvələrin mövcudluğu da ciddi suallar doğurur. Yeni finlandiyalı komandirin təyin olunması və “binokl diplomatiyasının” davam etdirilməsi regionda süni gərginliyin saxlanılmasına hesablanmış addımlar kimi qiymətləndirilir. Azərbaycan dəfələrlə bəyan edib ki, regionda xarici hərbi-siyasi müdaxilə sülhə deyil, qarşıdurmaya xidmət edir. Azərbaycan müharibə istəmir, lakin öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir. Ermənistan və onun havadarları anlamalıdır ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsi ilk növbədə erməni xalqının özü üçün faciəyə çevriləcək",- deyə o bildirib.

Deputat əlavə edib ki, bu gün Azərbaycanın beynəlxalq nüfuzu məhz sözlə əməl arasındakı tam uyğunluqdan qaynaqlanır. Azərbaycan müharibədə qalib gəldi və ləyaqətini qorudu. Ermənistan Gəncəni, Bərdəni, Tərtəri “İsgəndər-M”, “Skad” və digər ballistik raketlərlə vurduğu halda, Azərbaycan heç bir mülki erməni obyektini hədəfə almadı. Bu, həm siyasi məsuliyyətin, həm də dövlət mədəniyyətinin göstəricisi idi:”Zəngilan isə bu gün postmüharibə quruculuğunun ən parlaq nümunələrindən biridir. İşğal dövrünün dağıntıları sürətlə aradan qaldırılır. Müasir infrastruktur layihələri həyata keçirilir. Beynəlxalq hava limanı, Konqres Mərkəzi, aqroparklar və “ağıllı kənd” layihələri regionun simasını tam dəyişir. Zəngilan tədricən yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mühüm logistika və iqtisadi mərkəzlərindən birinə çevrilir. Zəngəzur dəhlizinin açılması isə bu prosesi daha da sürətləndirəcək. Zəngilan gələcəkdə iki qonşu dövlətlə sərhəd-keçid imkanına malik yeganə rayonlardan biri olacaq. Bu, rayonun iqtisadi və strateji əhəmiyyətini dəfələrlə artırır. Zəngəzur dəhlizi yalnız Naxçıvana çıxış yolu deyil. Bu layihə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi qlobal geoiqtisadi arteriyadır. Ağbənd üzərindən İran və Fars körfəzinə, digər istiqamətdə isə Türkiyə və Avropaya uzanan marşrut Azərbaycanın geosiyasi çəkisini daha da artıracaq. Prezident İlham Əliyevin Zəngilandakı çıxışı isə bir daha göstərdi ki, Azərbaycan artıq regionda yeni reallıqları müəyyən edən dövlətdir. Bu reallığın əsasında isə güclü liderlik, xalq birliyi, siyasi iradə, milli qürur və strateji düşüncə dayanır”.

Избранный
12
2
azertag.az

10Источники