RU

“WUF13-ə beynəlxalq səviyyədə maraq Azərbaycanın artan nüfuzunun göstəricisidir”- Millət vəkili

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində Prezident İlham Əliyev bir daha bəyan etdi ki, tədbirə dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq bu harmoniyanın ölkənin memarlığında və şəhərsalma modelində də əks olunduğunu bildirdi:

“Xüsusilə qədim İçərişəhərlə müasir Bakı arasında yaradılan memarlıq vəhdəti Azərbaycanın həm öz tarixi irsinə sadiqliyini, həm də müasir urbanizasiya çağırışlarına açıq olduğunu göstərir. Dövlət başçısı qeyd etdi ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir. Son illərdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri isə nadir rast gəlinən genişmiqyaslı urbanizasiya layihələrindən biridir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı oldu. Dövlət başçısı qeyd etdi ki, 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərlər bu gün müasir standartlara uyğun şəkildə yenidən qurulur. Cəmi beş il ərzində bölgədə tunellərin, körpülərin, beynəlxalq hava limanlarının, məktəblərin, xəstəxanaların və yeni yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın iqtisadi və təşkilati potensialını nümayiş etdirir.

Forumda Azərbaycanın zəngin tarixi-mədəni irsinə də xüsusi diqqət ayrıldı. Prezident çıxışında Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Şuşa kimi qədim şəhərlərin memarlıq irsini xüsusi vurğuladı. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətinin milli-mədəni irsin qorunmasını əsas prioritet hesab etdiyini göstərir”.

Onun sözlərinə görə, Bakının ekoloji transformasiyasına dair reallıqlar da forumun mühüm mesajlarından biridir:

“Bir vaxtlar neft sənayesinin yaratdığı ciddi ekoloji problemlərlə üzləşən paytaxt bu gün müasir parkları, yaşıl zonaları və urbanistik layihələri ilə fərqli sima qazanır. Xüsusilə keçmiş “Qara şəhər”in müasir Ağ Şəhər layihəsinə çevrilməsi urbanizasiya sahəsində uğurlu transformasiyanın simvolu kimi təqdim edildi.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajlardan biri də inkişafla tarixi irsin qorunması arasında balansın saxlanılmasıdır.

Bütövlükdə WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir. Bu forum vasitəsilə Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması, qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi və regionda aparıcı siyasi-iqtisadi gücə çevrilməsi bəzi qərəzli dairələri ciddi narahat edir. Məhz buna görə də ölkəmizin uğurlarına kölgə salmaq istəyən müəyyən mərkəzlər vaxtaşırı müxtəlif qarayaxma kampaniyalarına əl atırlar. Lakin faktlar tamam başqa mənzərə ortaya qoyur. COP29-un, eləcə də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə təşkili Azərbaycanın artan nüfuzunun açıq göstəricisidir. Dünyanın yüzlərlə ölkəsindən gələn nümayəndələrin Azərbaycana marağı və ölkəmiz haqqında səsləndirdikləri müsbət fikirlər reallığın ən doğru ifadəsidir.
Qərəzli təbliğatın əsas məqsədi isə Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək və ölkəmizin beynəlxalq mövqelərini zəiflətmək cəhdidir. Ancaq reallıq göstərir ki, güclü iqtisadiyyat, siyasi sabitlik və xalq-iqtidar birliyi olan ölkəyə qarşı aparılan əsassız kampaniyalar nəticəsiz qalmağa məhkumdur”.

//Gülnarə Abasova, Editor.az

Избранный
3
3
editor.az

4Источники