"Sona qədər bütün oyunları 1:0-la qazanmağa razıyam" (MÜSAHİBƏ)
"Zirə"nin futbolçusu Andriya Lukoviçin "FutbolPress"ə müsahibəsi:
- Son turda "Qəbələ"ni məğlub etdiz (1:0). Görüşü necə şərh edərdin?
- "Qəbələ" ilə oyun həmişəki kimi çətin keçdi. Hər iki komanda istəkli idi. Oyunun taleyini xırda detallar müəyyən etdi. Fasilədən əvvəl vacib üç xal qazandıq.
- Hesabı açandan sonra geri çəkildiz. Bu, nə ilə bağlı idi?
- Rəqibin oyunu ilə bağlı oldu. Onlar son 10-15 dəqiqədə daha çox risk etdilər. Bu zaman əks-hücum üçün yaxşı boşluqlar yaranacaqdı. Son dəqiqələrdə təzyiqə baxmayaraq, sonluq yaxşı oldu.
- Bu mövsüm 13 oyunun 7-də 1:0 hesabıyla qələbə qazanmısız. Bunun xüsusi formulu var?
- Hansısa formul yoxdur. Eyni qaydada oynayırıq. Kompakt və güclü müdafiə olunuruq. Çempionluq üçün bütün oyunları 1:0-la qazanmağa razıyam.
- Lakin sərgilədiyiniz oyun futbolsevərlər üçün xoş deyil...
- Bilirsiz, futbolda bəzən nəticə üçün oynamaq lazımdır. Azarkeş kimi baxsaq, düzdür, o qədər gözəl deyil, amma nəticə üçün oynayırıq. İndi Azərbaycanda “Qarabağ”dan başqa digər komandalar demək olar ki, oxşar futbol sərgiləyir.
- Çempionluq hədəfiniz var?
- Hədəfimiz avrokuboklara vəsiqədir və bunun üçün mübarizə aparacağıq.
- Qarşıda bir neçə günlük fasilə var. Bu, komandanın xeyrinədir?
- Zədəlilərimiz var. Onların qayıtması və digər oyunçuların istirahəti üçün yaxşı olacaq.
- Bu mövsüm cəmi 4 oyunda şans qazanmısan. Az oynamaqdan narazı deyilsən?
- Məşqçinin qərarıdır və hörmətlə yanaşıram. Fərqi yoxdur 1 və ya 90 dəqiqə. Meydana çıxıramsa, əlimdən gələni etməyə, komandama kömək olmağa çalışıram.
Şahin Cəfərov