AZ

Yaxşı klub və komanda olan “Araz-Naxçıvan”...

Premyer-liqada “Araz-Naxçıvan” nağılı və ya fırtınası (kim necə istəyirsə, elə də qəbul etsin) davam edir.

Muxtar Respublika təmsilçisi 11-ci turda “Qarabağ”ı da məğlub etməyi bacardı – 2:1. Azər Bağırovun rəhbərlik etdiyi komandanın hansı çətinliklər fonunda qurulduğunu hamı yaxşı bilir. Təbii ki, burda əsas çətinlik məhz mütəxəssisin üstünə düşdü. Azər bəy özünə lazım olan futbolçularla danışıb, hər şeyin yaxşı olacağını inandırdı. Bu, böyük risk və məsuliyyət idi. Çünki klubu kimin maliyyələşdirəcəyi, harda məskunlaşacağı bəlli deyildi. Bilirik ki, “Araz-Naxçıvan” 1-ci divizionda çıxış edən zaman özünü yaxşı tərəfdən göstərən futbolçular var idi. Orxan Əliyev, Vadim Abdullayev, Bayraməli Qurbanov kimi oyunçuları başqa klublar istəyirdi. Amma Azər Bağırov onları qoruya bildi. Bir sözlə, baş məşqçi bu komandanın indiki duruma gətirmək yolunda çox əziyyət çəkdi. İndi də bunun mükafatını alır.

Ümumiyyətlə, klubun adından söz etdirməsində başqa məqamlar da var. Buna xüsusi diqqət yetirmək lazımdı. İyulda klub rəhbərliyi dəyişdi.Ramin Axundov İdarə Heyətinin sədri və klubun prezidenti seçildi. Bundan sonra naxçıvanlılar futbol sahəsində gün işığına çıxdı. Təbii ki, burda əsas söz sahibi Ramin bəyin qardaşı Zaur Axundovdu.Futzal Federasiyasının prezidenti, “Keşlə”yə rəhbərlik etmiş şəxs təcrübəsini doğması ilə bölüşür. Hətta Zaur bəy illərdi futbolun içində olan Eldəniz Yusubovu qardaşına kömək üçün göndərdi. Skautluq bacarığı ilə də seçilən icraçı direktor komandaya əcnəbi futbolçuların seçimində böyük kömək oldu. Kuzmanoviç, Rodriges, Kurdiç, Vanderson, Ribeyro, Maşike, Avram, Azzaui kimi oyunçular hazırda premyer-liqaya rəng qatır.

Klubun maliyyə durumu da yetərincə yaxşıdı. Hazırda “Araz-Naxçıvan”ın sponsoru “Səmayə” şirkətidi. Əldə etdiyimiz məlumata görə, dövlətin ayırdığı 3 milyon manatdan əlavə, rəhbərlik daha 2 milyon xərcləməyə boyun olub. Bu pulu əsas və digər sponsorlar komanda üçün ayıracaq. Klub üçün əlavə dəstək fondu da formalaşıb. Bəzi naxçıvanlı biznesmenlər Axundovlar ailəsinin gördüyü işi təqdir edir. Məhz bu səbəbdən də fərqli-fərqli oyunlarda “Araz-Naxçıvan”ı dəstəkləməyə stadiona təşrif buyururlar. Hətta bəzi şirkət rəhbərləri qələbələrdən sonra komandaya maddi dəstək verirlər. Bu da oyunçulara yaxşı mükafatların verilməsini şərtləndirir. Təbii ki, yaxşı pul olan yerdə normal futbol sərgiləyən oyunçular da olacaq. Məhz bu məqam da “qırmızı-ağlar”ın uğur qazanmasında əsas rol oynayır.

Bir sözlə, “Araz-Naxçıvan” həm komanda, həm də klub kimi formalaşmaqdadı. Təkcə qalır Muxtar Respublikanın stadion probleminin həll olunması. Bu məsələ isə o qədər də asan başa gəlməyəcək. Yayılan informasiyalara inansaq, dövlət Naxçıvanda yeni arena tikintisində maraqlıdı. Lakin hazırkı stadionun da təmir olunması mümkündü. Hər halda, komandanın 2023/24 mövsümündə Muxtar Respublikada oyun sərgiləyəcəyi inandırıcı deyil.

Kim bilir, bu çatışmazlıq da ortadan qalxandan sonra bəlkə “Araz-Naxçıvan” çempionluq mübarizəsinə də qoşula. Bunu isə zaman göstərəcək...

İLKİN SULTANLI

Seçilən
733
50
football-plus.az

10Mənbələr