Qəbələdə baş verən olay üzücüdür.
Təbii ki, hansısa vətəndaşın qanunun tələblərinə əməl etməmək kimi bir imtiyazı yoxdur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır və qanunun, onu icra edənlərin tələblərinə sözsüz əməl etməlidir.
Qəbələdə də rəsmi olaraq bildirilir ki, məlum hadisə zamanı polisin qanuni tələbinə əməl edilməyib. Onun vəzifəsinin icrasına mane olunub. Buna görə də qanunu pozan iki qardaşla bağlı hüquqi ölçü götürülb və onlar həbs ediliblər.
Qanun hamı üçündür. Ona əməl etmək hər kəsin vəzifəsidir. Ona görə də vətəndaşla bərabər işdən qovulan polis nəfəri də qanun qarşısında məsuliyyətlidir. Baş verən olay zamanı yayılan videoda polis nəfəri tərəfindən 12 yaşlı uşağa fiziki güc tətbiq edilib.
Azyaşlıya fiziki güc göstərmək səlahiyyət həddinin aşılmasıdır. Bu səbəbdən də həmin polis nəfəri də nazirin əmri ilə işdən qovulub. Çünki 12 yaşlı uşağa hərəkətindən asılı olmayaraq, fiziki güc göstərmək olmaz. O, həddi-buluğa çatmadığından xüsusi emosional davranışlara sahib ola bilər. Günahı və ya təqsirkar olub-olmaması polis əməkdaşına əlahiddə hüquq vermir. Buna görə də polisin məsuliyyəti var və onun hərəkətinə hansısa formada bəraət vermək olmaz. Bu məsələ dərindən araşdırılmalı və polis serjantı Cavid Abbasov hərəkətlərinə müvafiq olaraq adekvat cəza almalıdır. Bu, məsələnin hüquqi tərəfidir.
Lakin məsələnin başqa bir tərəfi də var. Baş verən olayın digər bir üzücü tərəfi ondan sui-istifadə etmək istəyən fürsətcillərlə bağlıdır. Onsuz da bu adamlar fürsət gösləyirlər. Nə olur-olsun, istər qanun pozulsun, istər ölkə dağılsın, onlar üçün fərq etməz. Təki tənqid üçün imkan yaransın və bundan sui-istifadə etsinlər.
Əli Kərimli iki gündür “dil boğaza qoymadan” yazır, danışır. Azərbaycanı Türkmənistanla müqayisə edir. Polis zorakılığının günü-gündən artması təhlükəsini guya xalqa çatdırır. Baş verən hadisəyə görə hökuməti “ağ yuyub, qara sərir”. Faktiki Əli Kərimli və onun dəstəsi üçün baş verən olay göydəndüşmədir. Fürsət axtarırdılar. Bəzən o fürsəti də 3-5 nəfər səlahiyyətini bilməyənlər, anlamayanlar sanki sinidə onlara təqdim edirlər. Özü də bizi Türkmənistanla müqayisə edir.
Manipulyasiyanın son həddi budur. Sən Türkmənistanda bunu deyə bilərdinmi? Əlli-ayaqlı gedərdin... Demokratiyanın göstəricisi elə budur. Polis və ya bir başqası səlahiyyət həddini aşır, dövlətin müvafiq qurumu isə səlahiyyət həddini aşdığına görə həmin polisi, yaxud məmuru cəzalandırır.
Belə hadisələrin olmadığı bir dünyamı var? Kosmosda yaşayış olmadığından, hər kəs məlumatları uzaylardan yox, elə mətbuatdan, internetdən izləyir. Dünyadan polisin zorakı münasibətləri, reaksiyaları ilə bağlı yüzlərlə misal çəkmək olar. Əli Kərimlinin müdafiə etdiyi Fransada “sarıjiletlilərə” divan tutan, onların üzərinə atla yürüş edənlər kim idi? Siciliya mafiyasının yarımhərbi dəstəsi, ya Fransa polisi?
Cavabı da manipulyasiya etməsin deyə xatırladaq ki, “sarıjiletlilərin” aksiyasına hücum edən, onları su şırnaqları ilə dağıdan, “dubinka” ilə döyən Fransa polisi idi. ABŞ-də polisin günahsız bir kimsəyə atəş açması və qətlə yetirməsi faktları yoxdurmu? Təbii ki, var! İndi yığışıb xorla deyək ki, ABŞ-də polis rejimi hökm sürür? Bu qədər də insafsızlıq, cəfəngiyyat olmaz. Təbii ki, Əli Kərimli danışanda mənəvi məsələləri unutmaqda mahirdir, onu əlinə düşən fürsət daha çox maraqlandırır.
Bir daha deyək ki, kimsə polisin hərəkətinə haqq qazandırmır. Çünki 12 yaşlı uşağa qarşı törədilən bu hərəkətin bəraəti yoxdur. Qanunsuz hərəkət varsa, cəza da var. Amma bir nəfərin əməlinə görə dövləti, hamını hədəfə almaq manipulyativ gedişdir. Xalq isə onu bilir. Manipulyasiya ilə insanları aldatmaq olmur. İdarə etdiyi partiyada demokratiyanın “D” hərfindən əsər-əlamət olmayan Əli Kərimlinin demokratiyadan danışması doğrudan da çox gülüncdür...