AZ

Nazirin yaşlı müəllimlərlə bağlı açıqlamasına eskpertdən münasibət: “Səriştəsiz, təcrübəsiz kadrların yerləşdirilməsi…”

Bu gün Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı Elm və təhsil naziri Emin Əmrullayev pensiya yaşına qədər işləməklə bağlı ağır qərarların verilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki, proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır. Nazir bildirib ki, kimsə pensiya yaşına qədər işdə qalmalıdır yanaşmasının dəyişməsi ağrılı qərardır. E.Əmrullayev əlavə edib ki, həmin şəxslərin yenidən ixtisas dəyişməsi və kvalifikasiyanın artırılması sözdə asan görünsə də, çox çətin prosesdir: “Biz seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik. Məzmun və keyfiyyət arasında əlaqə kiminsə əməkhaqqı və ya vəzifədən çıxması ilə bağlılıq təşkil edir”.

Mövzu ilə Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, qüvvədə olan “Əmək Məcəlləsi”nin və digər qanunvericilik aktlarının tələblərinə görə, orta məktəblərdə müəllim kimi çalışmanın yuxarı yaş həddi 65-dir. Ekspert bildirib ki, hazırda Azərbaycanın ümumtəhsil məktəblərində yaşı 65-dən artıq olan çoxlu sayda müəllimlər çalışır: “Hazırda Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin orta məktəblərində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 17471 müəllim fəaliyyət göstərir. 65 yaşı tamam olan və ya cari ilin sonuna kimi 65 yaşı tamam olacaq təhsil işçilərinin 497-si direktor, 11385-i direktor müavini və müəllimlərdir. Həmin kadrların 449-u digərləri kateqoriyasına aid edilən laborant, psixoloq, tərbiyəçi, kitabxana müdiri, kitabxana işçisi, uşaq birliyi rəhbəri, tibb bacısıdır. 5140-ı isə texniki işçi, yəni ocaqçı, anbardar, bağban, gözətçi, aşpaz, bufetçi, sürücü, qabyuyan, usta və sairdir. Bu rəqəmlər əsasında deyə bilərəm ki, ümumtəhsil məktəblərində kifayət qədər 65 yaşı tamam olmuş müəllim vardır və bu ümumi müəllimlərin 10 faizini təşkil edir”.

K.Əsədov həmin müəllimləri əvəz edəcək yeni kadrların olub-olmaması məsələsinə diqqət çəkib. O, mövcud statistikaya istinad edərək vurğulayıb ki, Azərbaycanda müəllimlik ixtisası üzrə təhsil alanlar öz sahələrində çalışmırlar: “Yəni tələbələr universitetdə müəllimlik sahəsi üzrə təhsil alır, amma bitirdikdən sonra digər sahələrə üz tuturlar. Bu sahədə xüsusilə oğlanlar seçilir. Artıq ümumi nəzər yetirdikdə orta məktəblərdə kişilərə nisbətən qadın müəllimələr çoxluq təşkil edir. Bu da normal haldır. Çünki oğlanlar müəllimlik sahəsində az təhsil alırlar və yaxud da bu sahədə təhsil alanlar da bitirdikdən sonra təhsil sahəsində çalışmırlar. Daha alternativ, yüksək əməkhaqqı olan işləri seçirlər və orada çalışırlar. Bu səbəbdən də 65 yaşlı müəllimlərin təqaüdə göndərilməsi yeni kadr çatışmazlığı yaradır. Artıq dünya üzrə araşdırmalar göstərir ki, istənilən insan beynində 50-55 yaşdan sonra yorulmalar, zəifləmələr baş verir. Bu səbəbdən də 65 yaşılı müəllim heç vaxt normal dərs keçə bilməz. Təbii ki, istisnalar mövcuddur. Digər tərəfdən 65 yaşlı müəllimlər hamısı sovet təhsil sistemində təhsil alan müəllimlərdir. Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir. 65 yaşlı müəllimlər yeni metodologiyaları normal mənimsəyə bilmirlər və yaxud da buna cəhd etmirlər. Yenə də deyirəm, mövcud qanunvericiliyə görə mövcud əmək qanunvericiliyinə görə, müəllimin çalışma yaş həddi 65 yaş müəyyənləşib. Ancaq 65 yaşdan sonra 1 il uzatmaqla 70 yaşına çatdırmaq olar. Əgər onun Əməkdar müəllim və digər dövlət əhəmiyyətli mükafatları varsa, ondan sonra da 1 il artırmaq olar”.

Təhsil ekspertinin fikrincə, mövcud qanunvericilik bu gün üçün ən uyğun olandır. O, müəllim üçün 65 yaşın ən püxtələşən, təcrübə qazanan bir dövr olduğunu da diqqətə çatdırıb: “Əgər o müəllimin potensialı, fiziki sağlamlığı imkan verirsə, 65-70 yaşına qədər işləyə bilər. Bu şərtlə ki, mövcud qanunvericiliyin qaydaları obyektiv şəkildə həyata keçirilsin. Bəzən elə olur ki, müəllimin potensialı nəzərə alınmır, 65 yaşı tamam olan kimi ona məktub gəlir. Hətta bir müddət tədris ilinin ortasında 65 yaşla bağlı işdən azad edirdilər. Sonralar bu məsələ daha da böyüdü, indi isə tədris ilini başa vurur. Mövcud qanunvericiliyə əsasən, müəllimin 70 və daha artıq yaşda da işləmək imkanı var. Xeyli regionlar var ki, müəllim çatışmır. Belə bir şəraitdə 67-68 yaşı olsa belə, müəllim çatışmırsa, o işdən azad edilməməli, vakansiyalar da nəzərə alınmalıdır. Eyni zamanda, təcrübəli müəllimləri işdən azad etmək hesabına səriştəsiz, təcrübəsiz müəllimlərin yerləşdirilməsi də düzgün mövqe deyil. Əgər müəllimin potensialı varsa, imkan vermək lazımdır ki, o, çalışsın”.

Lamiyə MİRZƏYEVA

Seçilən
733
18
medianews.az

10Mənbələr