Son zamanlar ölkədə boşanmaların statistik nəticələri heç də ürəkaçan deyil. Əlbəttə, ailə mövzusu cəmiyyətdə mühüm məsələdir. Bütöv bir sağlam cəmiyyətin formalaşması üçün möhkəm təməlli ailələr olmalıdır. Nəticə etibarilə bu möhkəm təməlli ailələrin azaldığına şahid oluruq. Biz də müsahibimiz psixoloq Məlahət Həsənova ilə gündəmi zəbt edən məsələdən yan keçmədik. - Son zamanlar eşitdiyimiz acı xəbərlərdən biri də Azərbaycanda boşanmaların statistik nəticəsidir. Boşanmaların sayının artmasının səbəbi nədir?-Bu problemlərin kökü ailə dəyərlərinin yavaş- yavaş itməsidir. Reallıq budur ki, ailə dəyərləri əvvəlki kimi qorunub- saxlanılmır. Əvvəllər sərt bir fikir var idi: “Bu evdən gəlinliklə çıxdınsa, kəfənlə qayıdacaqsan”. Bu kimi fikirlər hardasa bizim məsuliyyətimizi artırırdı. Mən demirəm ki, qadınlar hər cür təcavüzə, zorakılığa göz yumsunlar. Xeyr. Bu əsla belə deyil. Əvvəllər bu ifadəyə fikir vermirdim. Ancaq zaman keçdikcə anladım ki, bir çox məqamlarda analar o ifadəni qızlarına işlətməlidir. Bizim mental dəyərlərdə qadın getdiyi evdə hər kəslə yola getməlidir. Oğlanın ailəsini və qohumlarını xoş niyyətlə qarşılamalıdır. Əvvəllər ailələrin bir çoxu çoxuşaqlı ailə idi. Əgər ailədə 4-5 qız varsa, onlar bir- birlərinin paltarları ilə böyüyərdi. Bu addımın özü güzəşt etmək deməkdir. Yəni uşaqlar balaca vaxtdan güzəştə getməyi, bölüşməyi öyrənirdilər. Ancaq indi müasir dövrdə yaşayırıq. Nə çoxuşaqlı ailələr var, nə də bir- birlərinin paltarları ilə böyüyüən qızlar. Təbii ki, istisnalar var. Bu qaçılmazdır. Lakin istisnalar qaydaları pozmur.- Təəssüf ki, ölkəmizdə hələ də erkən nikah problemi var. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?-Çox təəssüf ki, hələ də bu mövzu aktualdır. Oğlan anaları 30 yaşlı oğluna məktəbli qız almaq istəyir. Bir sözlə oğlan ailələri oğlanla qızın arasındakı münasibətdən çox yaş fərqinə fikir verirlər. Bu hal çoxluq təşkil edir.Bu kimi hallar daha çox rayon və əyalətlərdə baş verir. Daha çox Gürcüstan azərbaycanlıları və cənub bölgəsində erkən nigaha meyillilik var. O bölgələrdə 18 yaşlı qızlara “evdəqalmış” deyirlər. Bunun da səbəbi odur ki, onlar qızların təhsilli olmasını, dünyagörüşlərinin artmasını istəmirlər. Bir sözlə onların cəmiyyətdə xüsusi bir yer tutmasına icazə verilmir. Bu halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Hələ illər əvvəl bir qız 16 yaşında uşaq dünyaya gətirir, nigahı olmadığı üçün sənədləri gizli yazılırdı. Bunun real şahidi mənəm. Erkən nigahların baş tutmasında valideynlərdən əlavə həm də qızların rolu var. Elə qızlar var ki, 15- 16 yaşında oğlanla qaçır. Və qeyri-rəsmi yaşayırlar. Ata- ana isə “özü gedib” fikri ilə məsələni bağlayırlar. - Xüsusən, rayon və əyalətlərdə qızlara kitab almaq əvəzinə cehiz alırlar. Yalnız maarifəndirməklə bu problemi aradan qaldırmaq olar, yoxsa praktik tədbirlər də görülməlidir?-Düşünürəm ki, bu, birbaşa qızların özlərindən aslıdır. Valideyn qıznın erkən nigaha meyilli olmasını görən kimi, sanki sevincli halda cehiz yığmağa başlayır. Qızlar var ki, kitab oxumaq əvəzinə sosial şəbəkədə digər işlərlə məşğul olurlar. Bundan xəbər tutan qız anası istər- istəməz narahat olur. Və qızını tez ərə verməyə can atır. Gənc qızların vaxtından əvvəl “ayılmasında” şou-proqramların və serialların da rolu böyükdür.- Bir çox qızların təhsil ala bilməməsinə səbəb həm də həmin ailənin maddi durumudur...-Bilirsiniz, belə bir qanun yoxdur ki, hər kəs ali təhsilli olmalıdır. Düşünürəm ki, hamı uşağına görə davranmalıdır. Əgər uşağın oxumaq həvəsi varsa və həm də sənin maddi durumun buna imkan verirsə, nə gözəl. Uşaq təhsil alsın. Yox əgər saydıqlarımın heç biri yoxdursa, nə uşağı incitmək, nə də özünü yormaq düzgün deyil. Bir övladın ödənişsiz təhsil alacaq qədər biliyi yoxdursa, imkanlı valideynlərlə bəhsə girib uşağı məşğələyə göndərmək olmaz. - Evlilikdən sonra qadınların bir çoxunda ciddi psixoloji dəyişikliklər baş verir. Bunun səbəbi nədir?-Ciddi psixoloji dəyişikliyin ilkin səbəbi ailə quran gənc qızın öz evlərindən başqa evə köçməsidir. Evliliyə psixoloji cəhətdən hazır olmur. Birdən- birə ailə dəyişir, həmin dəyişikliyi asanlıqla qəbul edə bilmir. Ən çox belə problemlər böyük ailəyə gəlin köçən qızlarda baş verir. Təəssüf ki, bəzi qaynanalar gəlini evin sakini yox, qulluqçusu kimi görürlər. Onlar düşünürlər ki, kiminsə 18-19 yaşlı uşağı gəlib mənim evimi silib- süpürsün, yuyub- təmizləsin mən də gedim gəzməyə. Bu düşüncə heç bir əxlaqi- normaya sığmır. Ancaq təəssüf ki, günümüzdə belə ailələr hələ də var. Məktəbli çantasını yerə qoyan kimi ailəsi tərəfindən evləndirilən bir qız üçün ,bu, dəhşətli psixoloji zərbədir. - Sosial rifahın ailənin mənəvi məsələrlərinə təsir etməsini normal hesab edirsiniz?-Hər bir ailənin mənəvi bir qanunu var. El arasında buna yazılmamış qanunlar deyirlər. Eləcə də hər bir ailənin maddi və mənəvi rifahı var. Ancaq sosial rifahın mənəvi məsələlərə təsir etməsi normaldır. Düşünürəm ki, ailə bunu faciəyə çevirməməlidir. Xüsusən də qadınlar bunu faciəvi hal kimi qəbul edirlər. İnsanların baxış bucağı birtərəfli deyil. Hər kəs məsələyə öz prizmasından yanaşır. Qısacası, hər kəsin öz həqiqətləri olduğu bir məqamda ər-aravad arasında anlaşlmazlıq baş verir. Lakin bunları anlayışla həll etmək olar.- Bu kimi mövzuların dərsliklərə salınması sizcə məqsədə uyğundur? - Bu kimi mövzuların dərsliklərə salınması olduqca məqsədəuyğundur. Arzulayıram ki, hər bir təhsil ocağında maarifləndirici tədbirlər keçirilsin. Psixoloji seminarlar olsun. Düşünürəm ki, bu mütləqdir. Məktəblərdə psixoloji vəsaitlərin olması bu kimi problemlərin qismən həllinə yol tapmaq deməkdir. Psixoloqa getmək dəlilik yox, özünə zaman ayırmaqdır. Psixoloqa qarşı baxışımız dəyişsə, çox problemləri həll edə bilərik. İnsanlar psixoloqa getməyi gizlədirlər. Psixoloqa getmək pis iş və ya utancverici hərəkət deyil ki, bunu gizlədirsiniz.Əntiqə Kərimzadə
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta