AZ

Met Uotli: “Britaniya niyə öz futbol azarkeşlərinin döyüldüyü ölkəyə güc və resurslar sərf edir?”

Britaniyalı sabiq diplomat Met Uotli sual edib ki, niyə onun dövləti Böyük Britaniyanı bəyənməyən və açıq-aşkar sovet dönəminə qayıtmaq istəyən Ermənistana kömək etməlidir?!

"Report" xəbər verir ki, bu barədə Britaniya ordusunun veteranı və əvvəllər ATƏT-in Donetsk ofisinə, Avropa İttifaqının (Aİ) Gürcüstandakı Qafqaz üzrə müşahidə missiyasına rəhbərlik etmiş, eləcə də keçmiş Yuqoslaviyadakı sabiq ATƏT nümayəndəsi, təcrübəli diplomat Met Uotli fikirlərini "Ekspress" qəzetinin saytında dərc olunan məqaləsində bölüşüb.

“Böyük Britaniya ondan çox uzaqda olan bir ölkədə idarəetmənin təkmilləşdirilməsinə pul xərcləməzdən əvvəl, əlbəttə ki, bunun uğurlu olub-olmayacağını düşünməlidir”, - o bildirib.

Diplomat qeyd edib ki, Ermənistanın Avropa İttifaqının (Aİ) ticarət blokunun təqlidçisi olan Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvü, eləcə də Rusiyanın KTMT hərbi alyansının tamhüquqlu üzvü olmasının Böyük Britaniya ilə heç bir əlaqəsi yoxdur: "Britaniya hazırda Ermənistanın idarəçiliyini və hərbi imkanlarını təkmilləşdirmək məqsədi daşıyan "Böyük Britaniya-Ermənistan Strateji dialoqu"na xeyli vaxt, vergi ödəyicilərinin pullarını və diplomatik resurslar yatırır. Biz necə də əliaçığıq! Bəs bu nə dərəcədə uğurlu ola bilər? Anlamalıyıq ki, əslində, bu qiymətli resursları başqa yerlərə sərf etməliyik”.

M.Uotli məqaləsində bu yaxınlarda İrəvanda baş vermiş və britaniyalı futbol azarkeşlərinin Ermənistan polisi tərəfindən döyülməsi ilə başa çatan hadisəni də xatırladır: “Ötən həftə 32 futbol azarkeşimiz heç bir səbəb olmadan Ermənistanda dünya çempionatının seçmə mərhələsinin oyunu zamanı həbs edilib. Onlardan biri polis tərəfindən döyülüb, digərləri isə heç bir şey etmədikləri halda 24 saat həbsdə saxlanılıb”.

“Əgər biz Britaniya resurslarını başqa ölkəyə sərf ediriksə, həmin ölkə də bizim uzatdığımız əli tutmalıdır. Ancaq Ermənistan, deyəsən, özünə kömək etmək istəmir və ya buna qadir deyil”, - sabiq diplomat qeyd edib.

O, məqaləsində Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyini də xatırladır: “Azərbaycan bu gün Avropaya təbii qaz nəql edən ölkədir, Azərbaycan qazı Ukraynada müharibənin başlamasından sonra azalan Rusiya “mavi yanacağı”nı əvəz edir. Bu qaz Britaniyanın enerji nəhəngi BP tərəfindən hasil edilir və ötürülür. Britaniya isə Azərbaycanın ən böyük xarici investorudur”.

“Belə görünür ki, Britaniya əsl strateji tərəfdaşlığı bu iki ölkə arasında sülh sazişinin imzalanmasına kömək etmək üçün istifadə etməlidir. Ermənistanın Rusiyadan uzaqlaşmağı üçün ən yaxşı yol daha zəngin və güclü qonşusu ilə tərəfdaşlıqdır. Bu, Britaniyanın diqqət mərkəzində olmalıdır, "idarəetmə islahatı" adlı qara dəliyə yardım tökmək deyil”, - o vurğulayıb.

Seçilən
661
50
report.az

10Mənbələr