Britaniya kəşfiyyatı Mİ6-nın rəhbəri Riçard Mur narazı vətəndaşları Britaniya kəşfiyyat xidməti ilə "birləşməyə” çağırışı barədə çıxışını yayımladığı üçün Rusiyanın dövlət kanalı olan "Birinci” kanala təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Mur iyul ayında rusiyalıları Böyük Britaniyanın xeyrinə casusluğa çağıran çıxış edib və "Birinci kanal” sentyabr ayında bu barədə bir saatlıq proqram yayımlayaraq, həmin çıxışı ora daxil edib.
Mur "Twitter"də yazıb ki, Britaniyanın xarici kəşfiyyat xidməti "mesajı Rusiyada hədəf auditoriyaya necə çatdırmaq barədə baş sındırırdı: "Rusiya dövlət televiziyasının köməyə gələcəyini təsəvvür belə edə bilməzdik. Təşəkkürlər, uşaqlar".
Ekspert Mark Qaleotti Murun çıxışının tərcüməsi və nümayişinin "olduqca ciddi bir səhv" olduğunu söyləyib.
Murun bəyanatları ilkin olaraq mediada dərc olunmayıb, bu da Kremlin onlara məhəl qoymamaq əmrini göstərə bilərdi. Amma "Vahid Rusiya” partiyasından olan deputat Mariya Butina bu barədə danışıb. Proqramda o, Muru "ucuz casusluğa cəlbetmə üsullarından" istifadə etməkdə günahlandırıb. Qaleotti, Butinanın auditoriyasının "çox güman ki, Britaniya kəşfiyyatını maraqlandıracaq insanlar" olduğunu söyləyib.
Butina "The Associated Press”ə bildirib ki, Mİ6 şefinin onun proqramı ilə maraqlanmasından "şok olub”, kəşfiyyat xidmətinin rəhbərinin mövqeyini isə "çarəsiz” və "zəif” adlandırıb. Daha sonra o, soruşub ki, "Mİ6 o qədərmi bacarıqsızdır ki, auditoriyası hesab etdiyi şəxslərə çatdıra bilməsi üçün öz kontentini ingilis dilindən rus dilinə müstəqil şəkidlə tərcümə edə bilmir və bunun üçün Rusiya televiziyasına ehtiyacı yaranır?!”. Böyük Britaniya kəşfiyyatının rusiyalılara məlumat yaymasına kömək edib-etmədiyi ilə bağlı suala o, proqramın Mİ6-nın "xoşagəlməyən və iyrənc” olduğunu göstərdiyini söyləyib. O əlavə edib ki, "Belə reklamdan sonra heç kim Britaniya casusu olmaq istəməyəcək".
Nizami Bağırov