Keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Mia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.
İş materiallarından aydın olub ki, Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək universitetin rəsmi təmsilçisinə “stop” qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda “Təfəkkür”ün qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilənədək ölkədən çıxa bilməyəcək.