AZ

Yeddinci səfər...

Azad olunmuş ərazilərə təşkil olunan səfərlər yüksək dəyərləndirilir

Son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi olaraq müxtəlif səpgili layihələr icra edilir. Siyasi partiya sədrlərinin, habelə ölkədə tanınmış alim, politoloq və qələm sahiblərinin iştirakı ilə təşkil olunan çoxsaylı görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və digər bu kimi layihələr mövcud istiqamətdə görülən işlərin bir hissəsidir.

İşğaldan azad olunmuş ərazilərimizə təşkil olunan səfərlər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci olan növbəti birgə səfəri baş tutub. Budəfəki birgə səfərin ünvanı Cəbrayıl və Zəngilan olub. Səfərdə, ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilmiş səfərin proqramı kifayət qədər zəngin olub.

Züriyə Qarayeva: Səfər dövlətlə cəmiyyət arasında siyasi dialoqun dərinləşməsinin göstəricisidir

Səfərlə bağlı təəssüratlarını qəzetimizə açıqlayan politoloq Züriyə Qarayeva bildirib ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutan səfər, dövlətlə cəmiyyət arasında siyasi dialoqun dərinləşməsi baxımından mühüm mesaj idi. Onun sözlərinə görə, Zəngilanda və Cəbrayılda müşahidə etdiyimiz canlanma, əslində, Şərqi Zəngəzurun, Qarabağın reinteqrasiyasının artıq sosial-iqtisadi mərhələyə keçdiyini göstərir: “Horadizdə ANAMA-nın mina partladaraq göstərdiyi səhnə isə təhlükənin hələ də real olduğunu nümayiş etdirdi. Bu səfərdə müxtəlif siyasi qüvvələrin və media nümayəndələrinin birlikdə iştirakı həmrəylik siqnalı kimi də oxunmalıdır. Ağalıda qadınların işgüzar fəaliyyəti, yeni iş yerləri və yerli resurslara əsaslanan inkişaf modeli sülhü tərənnüm edir. Gələcəkdə bu dialoqlar genişlənərsə, regionda davamlı sabitlik üçün real zəmin yaranacaq”.

Əlisahib Hüseynov: Bu səfərləri birlik və həmrəylik nümunəsi kimi dəyərləndiririk

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə bildirib ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən bu səfərləri birmənalı olaraq yüksək qiymətləndirir və həm siyasi, həm də mənəvi əhəmiyyətini təqdir edirş “Bu səfərlər ilk növbədə hazırda ölkəmizdə yaşanan siyasi həmrəyliyin real təcəssümüdür. Siyasi dialoqun və milli birliyin dərinləşməsinə xidmət edən bu tipli səfərlər ölkədə yeni siyasi ənənələrin təşəkkül tapmasında rol oynayır”.

Komitə sədrinin fikrincə, biz bu səfərləri Zəfər səfərləri adlandırırıq, birlik və həmrəylik səfərləri kimi dəyərləndiririk:  “Azad edilmiş ərazilərə bu cür birgə səfərlər iqtidar-müxalifət dialoqunun davamı baxımından çox önəmlidir. Ümummilli məsələlərdə iqtidarla müxalifətin bir mövqedən çıxış etməsi, həmrəy olması Azərbaycanın dövlətçilik maraqlarına birgə töhfədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkədə formalaşan yeni siyasi konfiqurasiya bu cür birgə səfərlərin sayəsində daha da oturuşur, möhkəmlənir. Siyasi əqidəsindən, ideoloji mövqeyindən asılı olmayaraq Azərbaycanın ictimai-siyasi qüvvələrinin təmsilçilərinin bir araya gəlib işğaldan azad edilmiş ərazilərə birgə səfərlərə qatılması, dialoq və həmrəylik nümunəsi nümayiş etdirməsi ən yeni tariximizdə müsbət yeniliklərdən biri kimi iz qoyacaq”.

Təşkilat sədrinin fikrincə, bu səfərlərin siyasi tərəfi ilə yanaşı, mənəvi-psixoloji əhəmiyyəti də böyükdür: “Biz həmin səfərlərin vasitəsilə 30 ilə yaxın işğal ərzində erməni vandalizminin törətdiyi vəhşiliklərin izlərini əyani olaraq görmək və təəssüratlarımızı geniş ictimaiyyətə çatdırmaq imkanı əldə edirik. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa və quruculuq işlərinin gedişini yaxından izləmək, Böyük Qayıdış proqramı çərçivəsində öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin azad torpaqlarda qalib xalqın nümayəndələri kimi yaşamağa başlamalarını müşahidə etmək səfər iştirakçıları kimi hər birimizdə böyük qürur hissi doğurur. Dövlətimiz və xalqımız işğaldan azad olunmuş ərazilərdə əsl quruculuq əzmi nümayiş etdirir. Biz bu səfərlərin gedişində erməni vandalizmi ilə Azərbaycan xalqının qurucu xarakterini bir daha əyani müşahidə edirik”.

Fərəc Quliyev: Azad olunmuş ərazilərimizin bərpası ümummilli məsələdir

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də qəzetimizə açıqlamasında işğaldan azad olunan ərazilərə təşkil olunan səfərləri yüksək qiymətləndirib. Bu səfərlər vasitəsilə həmin ərazilərdə görülən işlərə canlı şahidlik etdiklərini  deyən F.Quliyev mənzərənin qürurverici olduğunu söyləyib: “Bəzən kimlərsə azad olunmuş ərazilərdə görülən işləri ictimaiyyətə fərqli formada təqdim etməyə çalışır. Amma mən deyə bilərəm ki, qısa zaman ərzində çox böyük işlər görülüb. Həm yaşayış məntəqələrinin tikintisi, həm də infrastruktur, xüsusilə yolların tikintisi vurğulanmalıdır. Bu işlər ən müasir səviyyədə görülür. Nəzərə alaq ki, bu işlər kənar yardım olmadan, yalnız dövlətimizin daxili imkanları ilə reallaşdırılır. Bütövlükdə, görülən işlər təqdir olunmalıdır”.

Partiya sədrinin fikrincə, bu səfərlər siyasi baxımdan da ciddi önəm kəsb edir. F.Quliyev bildirib ki, Ədalət Vəliyev   Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin olunduqdan sonra ölkəmizdə siyasi dialoqun inkişafında mühüm nəticələr əldə olunub. Onun sözlərinə görə, azad edilmiş ərazilərin bərpası ümummilli məsələdir və partiyalar da bu prosesə töhfə verməlidir: “Torpaqlarımızı azad etmək üçün müharibə başlayanda 1-2 partiyanı çıxmaq şərtilə bütün siyasi partiyalar birgə bəyanat verərək həmrəylik nümayiş etdirdilər. Həqiqətən də, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına görə adını tarixə qızıl hərflərlə yazdırıb. Biz siyasi partiyalar olaraq müharibə dövründə olduğu kimi azad olunan ərazilərin dirçəlişi dövründə də həmrəylik nümayiş etdirməliyik. Bilirsiniz ki, xaricdə bəzi dairələr, beşinci kolon və s. ölkəmizdə qarışıqlıq yaranmasını arzulayır. Belə bir şəraitdə Azərbaycanda siyasi partiyalar da diqqətli olmalı, daim birlik-həmrəylik mövqeyindən çıxış etməlidir. Təqdirəlayiq haldır ki, ölkəmizdə siyasi dialoq var və həmrəyliyimiz güclüdür”.

Razi Nurullayev: Səfərlər Azərbaycan cəmiyyətinə pozitiv mesajlar verir

Milli Cəbhə Partiyasının (MCP)  sədri, Milli Məclisin deputatı Razi Nurullayev də işğaldan azad olunmuş ərazilərimizə təşkil olunan növbəti  səfəri mühüm bir hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, siyasi partiyaların qələbənin nəticələrini əyani şəkildə görməsi və bu dəfə Cəbrayıla, Zəngilana  səfər etməsi siyasi mədəniyyətin daha da dərinləşməsinə xidmət edən addımdır. Millət vəkili bu istiqamətdə ölkə Prezidentinin iradəsinin ortada olduğunu bildirib və qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və bu şöbənin müdiri Ədalət Vəliyev səmərəli fəaliyyəti bu iradənin həyata keçirilməsində əsaslı nəticələr verir.

MCP sədri deyib ki, Cəbrayıl və Zəngilanda da görülən işlər hər birimizi sevindirir, qürurlandırır. Onun sözlərinə görə, siyasilərin bu bölgələri birgə ziyarət etməsi istər dünyaya, istərsə də Azərbaycan cəmiyyətinə pozitiv mesajlar verir: “İnsanlar bu mənzərəyə baxanda birlik nümunəsi, həmrəylik nümunəsi ortaya qoyan siyasi partiyaları görürürlər. Əminəm ki, bu ənənə bundan sonra da davam edəcək”.

Nardar BAYRAMLI

Seçilən
73
41
yeniazerbaycan.com

10Mənbələr