Tehran və Vaşinqton arasında İranın nüvə proqramı üzrə dolayı danışıqların altıncı raundu iyunun 15-də Omanda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
İslam Respublikası və ABŞ gələn bazar günü Maskatda Omanın vasitəçi olacağı danışıqların yeni mərhələsini keçirəcək.
Bundan əvvəl İran və ABŞ Omanın vasitəçiliyi ilə beş raund danışıqlar aparıb: üç görüş Maskatda və iki görüş Romada.
Qeyd edək ki, beşinci raunddan əvvəl tərəflər arasında ziddiyyətlər daha da kəskinləşib. Belə ki, danışıqlardan əvvəl ABŞ İrandan uranın zənginləşdirilməsindən əl çəkməsini tələb edib. İran tərəfi bu tələbi rədd edərək, ABŞ-ın Tehranın uranın zənginləşdirilməsi texnologiyasından imtina etməsində israrlı olacağı təqdirdə tərəflərin razılığa gələ bilməyəcəyini bildirib.