"2024-cü ildə sadələşdirilmiş vergi üzrə 373 milyon manat proqnoza qarşı 2.7 faiz daha çox , yəni 382.9 milyon manat vəsait büdcəyə daxil olub. Bu o deməkdir ki, sözügedən mənbə üzrə fiskal daxilolmalar genişlənib".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə artq 10 ildir ki, sadələşdirilmiş vergi dövriyyəsi dəyişdirilmir:
"Sonuncu dəfə 2016-cı ilin yanvarın 1-də sadələşdirilmiş vergi dövriyyəsi 120 min manatdan 200 min manatadək artırılıb. 2015-ci il ilə müqayisədə Azərbaycan iqtisadiyyatı həyata keçirilən islahatlar nəticəsində 54.4 milyard manatdan 126.3 milyard manatadək böyüyüb. Yəni son 10 ildə Azərbaycanda ÜDM 2.3 dəfə artıb. Bu isə o deməkdir ki, həmin dövrdə sahibkarlıq inkişaf edib və biznes dövriyyəsi də artıb. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin iqtisadiyyatdakı artım tempinə uyğun olaraq iki dəfə artırılması məqsədəuyğun olardı. Bu, mikro sahibkarların vergi güzəştlərindən daha geniş miqyasda faydalanmasına imkan verərdi. Bütövlükdə isə, vergi güzəştlərinin coğrafi və ya sektor kimi kəmiyyət meyarlarından daha çox istehlak kimi keyfiyyət meyarları ilə əlaqələndirilməsinə ehtiyac var".