AZ

Deputatdan sadələşdirilmiş vergi ilə bağlı TƏKLİF 

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, deputat Vüqar Bayramov qanun layihəsi barədə çıxışında bildirib ki, 2024-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft mənbələri üzrə daxilolmaların 3.1 faiz artması Azərbaycanda iqtisadi artımda qeyri-resurs sektorunun drayverə çevrilməsindən xəbər verir:

“Ötən il proqnoza nisbətən dövlət büdcəsinə qeyri-neft sektorundan 573.4 milyon manat çox, bütövlükdə isə 19 milyard 192 milyon manat vəsait daxil olub.

Vüqar_Bayramov.jpg

Hesabatda qeyri-neft sektoru üzrə daxil olmaların çox olması ÜDM-dəki artımın proqnoza nisbətən yüksək olması ilə əlaqələndirilir. 2024-cü ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul (ÜDM) real ifadədə 4,1 faiz artıb və nominal olaraq 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat olub. Deməli, proqnoza nisbətən 5 milyard manat daha çox ÜDM formalaşıb. Bu, təbii ki, müsbət haldır və iqtisadiyyatın inkişafına xarakterizə edən göstəricidir.

Bu o deməkdir ki, iqtisadiyyatın daha çox inkişaf etməsinin fiskal gəlirlərə pozitiv spillover effekti var.

Bununla yanaşı, sadə reqressiv hesablama göstərir ki, qeyri-neft sektorundan proqnoza nisbətən 573.4 milyon manat əlavə vəsaitin büdcəyə daxil olması sadəcə ÜDM-dəki artım ilə bağlı deyil. Bu baxımdan, gəlirlər üzrə konservativ proqnozlaşdırma faktoru da nəzərə alınmalıdır.

Neft sektorundan daxilolmalar isə əvvəlki illə müqayisədə 1.0 faiz azalıb. Neft sektoru büdcəyə 17 milyard 969 milyon manat töhfə verib. Təqdim olunan hesabatda azalma təbii qazın 1 m3-nin və “Azəri Light” markalı xam neftin 1 barelinin dünya bazarında qiymətlərinin müvafiq olaraq 18,1 faiz və 4,2 faiz azalması ilə əlaqədardır.

Bununla belə, 2024-cü ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 81, “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dollar olub. Bu isə dövlət büdcəsində nəzərdə tutulan 75 dollardan 10.4 faiz çoxdur. Belə olan halda neftin dünya bazar qiyməti dövlət büdcəsində nəzərdə tutulan rəqəm ilə müqayisədə çox olduğundan bu sektor üzrə fiskal gəlirlərimizin azalması səbəblərinin daha detallı araşdırılması məqsədəuyğundur.

Ümumi neft qiymətlərindəki azalma fiskal gəlirlərdən daha çox suveren fondun yığımlarına təsir etməlidir. 2024-cü ildə sadələşdirilmiş vergi üzrə 373,0 milyon manat proqnoza qarşı 2,7 faiz daha çox, yəni 382,9 milyon manat vəsait büdcəyə daxil olub. Bu o deməkdir ki, sözügedən mənbə üzrə fiskal daxilolmalar genişlənib”.

V.Bayramovun sözlərinə görə, bununla yanaşı, artıq 10 ildir ki, sadələşdirilmiş vergi dövriyyəsi dəyişdirilmir:

“Belə ki, sonuncu dəfə 2016-cı il yanvarın 1-də sadələşdirilmiş vergi dövriyyəsi 120 min manatdan 200 min manatadək artırılıb. 2015-ci il ilə müqayisədə Azərbaycan iqtisadiyyatı möhtərəm Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində 54,4 milyard manatdan 126.3 milyard manatadək böyüyüb. Yəni son 10 ildə Azərbaycanda ÜDM 2.3 dəfə artıb.

Bu isə o deməkdir ki, həmin dövrdə sahibkarlıq da inkişaf edib və biznes dövriyyəsi də artıb. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin iqtisadiyyatdakı artım tempinə uyğun olaraq 2 dəfə artırılması məqsədəuyğun olardı. Bu, mikro sahibkarların vergi güzəştlərindən daha geniş miqyasda faydalanmasına imkan verərdi.

Bütövlükdə isə vergi güzəştlərinin coğrafi və ya sektor kimi kəmiyyət meyarlarından daha çox istehlak kimi keyfiyyət meyarları ilə əlaqələndirilməsinə ehtiyac var”.

E.Paşasoy,
Musavat.com

Seçilən
6
7
musavat.com

10Mənbələr