Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyard 341,3 milyon manatlıq, o cümlədən 13 milyard 73,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 267,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,5 % artıb.
5 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 %-i ərzaq məhsullarının, 4,6 %-i içkilər və tütün məmulatlarının, 13 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 %-i avtomobil benzini və dizel yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,6 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.
Bu ilin 5 ayı ilə müqayisədə 2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,1 %, fərdi sahibkarlar üzrə 0,2 %, bazar və yarmarkalarda isə 3,8 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 456,2 manatlıq, o cümlədən 255,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200,7 manatlıq qeyri-ərzaq malları alıb.