2025-ci ilin yanvar–mart aylarında Azərbaycana fermentləşdirilməmiş, 3 kiloqramdan çox çəkisi olmayan ilkin bağlamalarda ümumilikdə 30,21 ton yaşıl çay idxal olunub.
Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, bu dövrdə yaşıl çayın ümumi idxal dəyəri 306,97 min ABŞ dolları təşkil edib. İdxal 13 ölkədən həyata keçirilsə də, əsas həcmi Rusiya, Şri-Lanka, Çin və BƏƏ olmaqla 4 ölkənin payına düşüb.
Ən çox yaşıl çay Rusiyadan gətirilib - 19,41 ton. Bu partiyanın ümumi dəyəri 146,3 min dollar olub. Beləliklə, 1 kiloqram çayın idxal qiyməti təxminən 7,5 dollar və ya 12,81 manat təşkil edib.
İkinci yerdə Şri-Lanka qərarlaşıb - bu ölkədən 5,04 ton yaşıl çay idxal edilib. 46,97 min dollar dəyərində olan məhsulun 1 kiloqramı 9,3 dollar və ya 15,8 manata başa gəlib.
Üçüncü yerdə olan Çindən 1,72 ton yaşıl çay alınıb. İdxal dəyəri 16,52 min dollar, 1 kiloqramın qiyməti isə 9,6 dollar və ya təxminən 16,32 manat olub.
Sonuncu əsas tədarükçü BƏƏ olub. Bu ölkədən 1,67 ton yaşıl çay gətirilib. Dəyəri 19,67 min dollar olan çayın 1 kiloqramı 11,78 dollar və ya 20,3 manat təşkil edib. Bu, dörd ölkə arasında ən yüksək qiymətə başa gələn idxaldır.
Sərvanə Rəmixanova