İsrail, ABŞ İranın Fordo nüvə obyektinə zərbə endirməkdən imtina edərsə, özünün xüsusi təyinatlı qüvvələri ilə həmin obyektə hücum həyata keçirəcək. Bu barədə “Axios” portalı İsrail və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Söhbət havadan müdafiə üçün dağın içində yerləşən, uranın zənginləşdirilməsi üzrə yeraltı obyektindən gedir.
“İsrail iddia edir ki, obyektə təkbaşına ciddi zərər vura bilər. Variantlardan biri xüsusi təyinatlıların reydidir”, – məlumatda bildirilib.
Axios yazır ki, baş nazir Benyamin Netanyahu və İsrailin Vaşinqtondakı səfiri Yexiel Leyter son müsahibələrində İsrailin hava zərbələri ilə məhdudlaşmayan alternativlərə malik olduğunu bildiriblər.
Mənbəyə görə, bu alternativlərdən biri riskli xüsusi təyinatlı əməliyyat olacaq.
İsrail belə əməliyyatlardan birini 2024-cü ilin sentyabrında Suriyada həyata keçirib və orada yeraltı raket zavodu partladılıb.
Hazırda İsrailin İran üzərində hava məkanına nəzarət etdiyi və İran ordusuna ciddi zərbələr endirdiyi bir vaxtda, xüsusi əməliyyat seçimi əvvəlki qədər ekstremal görünmür.
ABŞ rəsmisinin sözlərinə görə, israillilər Tramp administrasiyasına bildiriblər ki, "bombalar dağa yetərincə nüfuz edə bilməsə də, bunu insanlar edə bilər".
Bundan əvvəl ABC News məlumat vermişdi ki, ABŞ Fordodakı nüvə obyektinə bir neçə ardıcıl zərbə endirməyi nəzərdən keçirir.
İsrail iyunun 13-nə keçən gecə “Oyanan şir” əməliyyatına start verərək İranın nüvə və hərbi obyektlərinə zərbə endirib.
Cavab olaraq İran “Doğru vəd — 3” adlı əməliyyata başlayaraq İsrailin hərbi hədəflərinə zərbələr endirir.
Hər iki ölkədə onlarla insanın yaralandığı bildirilir. Hücumlar qarşılıqlı şəkildə davam edir.
N.Təbrizli