2024/2025-ci illər mövsümündə bərbad nəticələrə imza atmış “Neftçi” 2025/2026-cı illər mövsümü üçün hazırlıq planını açıqlayıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“Ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcəklər.
Hazırlıq prosesinin ikinci mərhələsi iyulun 15-dən avqustun 2-nə qədər Polşanın Keltse şəhərində reallaşacaq.
“Binkovski Hotel”də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17-də, 22-də, 27-də və avqustun 1-də baş tutacaq. Üçüncü matçda rəqib “Asteras” (Tripolis, Yunanıstan), sonuncu oyunda isə AEL (Kipr) olacaq.
Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.