Piyada yoluna çıxmaq təhlükəlidir, Bakı piyadayönümsüz şəhərə çevrilir
Daxili İşlər Nazirliyi küçə ticarəti ilə bağlı bir neçə gün əvvəl vətəndaşlara müraciət etdi. Müraciətdə bildirilirdi ki, nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur: “İlk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər, əslində, vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir. Nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır. Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir. Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiz. Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq".
DİN-nin müraciəti paytaxtda hökm sürməkdə olan hazırkı vəziyyətdə lap yerinə düşür. DİN bu müraciətlə “10”luğa vurub. Bəs “10-luqda” kimlər, hansı strukturlar var? Baxaq. Paytaxtın “Babək” prospekti, Şahmar Səfərov küçəsində təkcə yay mövsümündə deyil, ilin bütün mövsümlərində küçə ticarətinin şahidi olmaq mümkündür. İllər öncə bu ərazidə inşa “Araz super-store”nin qarşısında dayanan avtomobillərin sıxlıq yaratmasına, küçə ticarəti də “töhfə” verir. Küçə boyunca düzülən katof-soğan, qarpız-yemiş maşınları, zatən dar olan yolun hərəkət hissəsini bir qədər də daraldır. Bu azmış kimi bir müddət əvvəl eyni küçədə, bir qədər aralı məsafədə “Günəşli” market, “Peynirçi baba” marketləri də fəaliyyətə başlayıb. Bu marketlərin yerləşdiyi ərazi, əslində, piyada səkisidir. Marketlər səkinin böyük bir hissəini zəbt edərək avtomobillər üçün parklanma sahəsi əldə ediblər. Bu da azmış kimi səkini bütünlüklə zəbt edərək “Təndir” açmağa hazırlaşırlar. Bu təndirxana həm səkini zəbt edib, həm də məhəllədaxili yoldan əsas hərəkət zolağına çıxan avtomobillərə qarşıdan gələn avtomobilləri görməyə mane olur. Bu da real qəza vəziyyəti yaradır. Bu haqda bir neçə dəfə məlumat verilsə də, əlaqədar qurumlar heç bir reaksiya verməyib. İndi də ərazidə təndirin açılışı üçün fəal iş gedir. Təndirxana səkiyə elə yerləşdirilib ki, piyadalar üçün nazik bir cığır saxlanılıb, sakinlər “Təndir”ə sürtünə-sürtünə keçmək zorundadırlar. Hərəkətin intensiv olduğu saatlarda isə burada tıxac, sıxlıq yaranır. Nə məcburdur ki, “Təndir” məhz yol kənarında, həm də sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş səkidə yerləşsin? Onu marketin daxilində də işlətmək olar, necə ki bu təcrübə bir çox marketlərdə mövcuddur. Məqsəd nədir, səkini zəbt etmək, avtomobillərin hərəkətinə mane olmaq və qarğış qazanmaq? Bu “Təndir”in səkidə yerləşməsinə kim, hansı qurum icazə verib?
Sosioloq Elçin Bayramlı Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu problem son dövrlərdə daha da kəskinləşib. Getdikcə də artır:
- Bazar iqtisadiyyatının şərtləri digər məsələləri arxa plana keçirir. Yəni əhalinin rahatlığı, təhlükəsizliyi və sürücülərin təhlükəsizliyi önəmli hesab edilmir. Önəmli olan obyektlərin, biznes strukturlarının gəlir əldə etməsidir. Müxtəlif ölkələrdə şəhərsalma ilə bağlı müxtəlif standartlar var. Bizdə belə standartlar guya ki qəbul edilsə də, əməl edən azdır, qanun-qaydanı pozansa çoxdur. Şəhərdə səkilərin zəbt edilməsinə çox rast gəlinir. Ticarət obyektləri, kafe-restoranlar, iaşə müəsssiləri səkinin əsas hissəsini tuturlar. Gah oturacaqlar qoyurlar, gah pilləkən inşa edir, çıxış qapısı qoyur, gah da həyasızcasına səkini ümumiyyətlə ləğv edirlər. Bakı piyadayönümlü şəhər olmaqdansa, getdikcə piyadayönümsüz şəhərə çevrilir. Piyadalar üçün heç bir rahatlıq yoxdur. Piyadalar səki ilə deyil, məcbur qalıb avtomobil yoluyla hərəkət etməli olurlar. Bu obyekt sahibləri cəzalansalar, belə vəziyyət yaranmaz. Şəhərdə əksər səkilər tamamilə tutulub, zəbt edilib. Buna cavabdeh yerli icra hakimiyyətləri, ərazi idarəetmə orqanları, Şəhərsalma və Arxitektura Komitəsidir. Bütün bu qurumlar, həmçinin bələdiyyələr də vəziyyətə nəzarət etməli, qayda pozuntularını aradan qaldırmalıdırlar. Amma hamısı belə vəziyyətlərə göz yumur. Heç bir reaksiya verilmir. Vətəndaş tərəfindən qaldırılan problemlərə reaksiyalar sıfırdır. Hansı əsasla belə qanunsuzluğa imkan verilir, göz yumulur. Şübhə yaranır ki, burada maddi maraqları var. Obyekt sahibindən rüşvət alıb qanunsuzluğa, qayda pozuntusuna göz yumurlar. Səkinin zəbt olunmasına hansı qurum rəsmi icazə verə bilər? Məgər o qurum görmür ki, piyada səkisi tutulub, insanlar üçün narahatlıq yaradıblar?! Baxsınlar, nəzarət etsinlər, vəziyyəti yerində araşdırsınlar.
Sosioloq qeyd etdi ki, bu cür problemli məsələlərlə bağlı vətəndaşlara açıq şəkildə izahat verilməlidir:
- Hansı əsasla bunu edirlər? Bu, biabırçı bir vəziyyətdir. Hamı üçün təhlükəlidir. Şəhərdə ümumi mülkiyyətə aid olan ərazilər var, onlardan biri də səkilərdir. Səkilər məhz əhalinin, piyadaların rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulur. Şəhərin mərkəzində bu cür qanun pozuntusuna niyə göz yumulur. Məsələ qaldırılmalı və konkret izahat tələb olunmalıdır.