Ərdoğan erməni baş nazirə Bakı ilə Ankaranın əsas gündəliyini təqdim etdi; bəs Ermənistan tarixi fürsəti dəyərləndirəcəkmi?
Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə tarixi səfəri reallaşdı. Hazırda siyasi müşahidəçiləri düşündürən əsas sual səfərin mümkün nəticələri ilə bağlıdır. Çünki tərəflər hər hansı birgə bəyanat və ya çağırışla çıxış etmədi. Danışıqların təfərrüatı əsasən məxfi saxlanıldı.
Bununla belə, prezident Rəcəb Tayyib Ərdoğanın Paşinyana bir daha Bakı və Ankara ilə sülh gündəliyinin detallarını izah etdiyi şübhə doğurmur. Yəni Ermənistan rəhbərinə bir növ son “ev tapşırığı” verilib. Daha bir səbəbə: səfərdən cəmi bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkədə olmuş, Ərdoğanla görüşmüşdü...
Türkiyə səfərindən gözləntilər barədə danışan Paşinyan deyib ki, bir sıra regional məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır: “Təəssüf ki, bölgəmizdə kifayət qədər gərginlik qalmaqda davam edir. Bu cür səfərlərin və təmasların əsas məqsədlərindən biri də regionun daha sabit, daha dinc, daha təhlükəsiz olması üçün nə edə biləcəyimizi müzakirə etməkdir. Bu kontekstdə təmasların ən mühüm gündəliyi budur”.
Onun sözlərinə görə, bir sıra regional məsələlərdə Ermənistanla Türkiyənin mövqeləri kifayət qədər yaxındır: “Bu, tez-tez baş vermir, lakin indi nəzərə çarpır ki, bir sıra məsələlərdə bizim kifayət qədər oxşar təsəvvürlərimiz var. Söhbət beynəlxalq gündəmdəki məsələlərdən gedir. Bu, həm də münasibətlərin əhval-ruhiyyəsinə və atmosferinə müəyyən təsir göstərən amildir”.
Ardınca o, Ermənistanın Türkiyədə konsulluğunun açılmasını arzuolunan adlandırıb: “Bizim məqsədimiz Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr qurmaq, sərhədləri açmaqdır ki, bu da Ermənistanla Türkiyə arasında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutur. İki ölkə arasında münasibətlərin normallaşması zaman məsələsidir və bizdən ardıcıl olmağı, fəal işi davam etdirməyi, fəal dialoq aparmağı, bir-birimizi dinləməyi və öz mövqelərimizi mümkün qədər aydın şəkildə təqdim etməyə çalışmağı tələb edir. Və əməkdaşlığın nəticələrinə əsasən əminəm ki, nəticələrimiz olacaq”.
Nikol Paşinyan Türkiyə və Ermənistanın hansı “ortaq mövqe yanaşmalarına” işarə vurur? Ən əsası, İrəvan Bakı və Ankaranın ona verdiyi son “ev tapşırığı”nın öhdəsindən gələ biləcəkmi?
Qabil Hüseynli
“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli əvvəl gündən əmindir ki, Paşinyan Rusiyadan uzaqlaşıb, Türkiyəyə yaxınlaşmağı Avropaya çıxışda yeganə fürsət bilir. Onun qənaətinə görə, İstanbul görüşü hazırlıq mərhələsi idi və normallaşma prosesində mühüm addım atıldı: “Mən istisna etmirəm ki, Ərdoğan onun dəvətini qəbul edərək gələn il İrəvana səfər edəcək. Doğrudur, hadisələr hər an dəyişə bilər, amma buna qədər Ərdoğanla Paşinyan arasında növbəti görüşləri də gözləyirəm. Bu prosesdə Ermənistan hökumətinin Türkiyədən istəkləri var. Söhbət Rusiyadan artan təhdidləri neytrallaşdırmaqda Ankaranın və Bakının dəstəyini qazanmaqdır. Çünki seçkilər gəlir və Paşinyan bu gərgin situasiyadan çıxmaq istəyir. Ona görə İstanbula xahişə gələ bilər ki, onu bu dönəmdə Zəngəzur və digər öhdəliklərlə bağlı çox sıxmasınlar, möhlət versinlər”.
Professor hesab edir ki, uzunvədəli bir proses olduğunu nəzərə alsaq, indi Bakı və Ankara Paşinyan üçün “xilas kəməri” ola bilər: “Ermənistanda ara qarışmaqdadır. Rusiya və daxildəki qüvvələr hakimiyyəti sıxışdırır. Paşinyan belə bir dönəmdə konstitusiya dəyişikliyi və digər radikal qərarlar verməyə qorxur. İstanbulda danışıqların əsas bəndi bu ola bilər. Sadəcə, danışıqların əsas detalları konfidensial saxlanıb. Biz arxayınıq ki, qardaş Türkiyə Azərbaycansız hər hansı addım atmaz, bizi narazı salacaq bir qərar verməz”.
Asif Nərimanlı
Siyasi icmalçı Asif Nərimanlının səfərlə bağlı şərhi kifayət qədər maraqlıdır. Onun sözlərinə görə, Paşinyanın Türkiyəyə səfəri regionun bəlasına çevrilən erməni iddialarının arxa plana keçməsi və normallaşma baxımından tarixi hadisə olmaqla yanaşı, rəsmi İrəvanın konkret hədəflərinə də hesablanıb: “Avropa bazarına çıxış əldə etmək və dalandan xilas olmaq”.
Təhlilçiyə görə, buna nail olmağa çalışan Ermənistan hakimiyyəti hədəfə gedən yolda bir neçə nəticə əldə etməlidir: “Türkiyə ilə münasibətlərin üçüncü tərəfin, yəni Azərbaycanın maraqları nəzərə alınmadan qurulması; sərhədlərin qeyd-şərtsiz və qısa müddətdə açılması; regional kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi layihəsini arxa plana keçirmək və "sülhün kəsişməsi" layihəsini qəbul etdirmək".
A.Nərimanlı hesab edir ki, İrəvan-Ankara danışıqlarında Ermənistanın əsas niyyəti əvvəldən bu olub, Paşinyanın Türkiyəyə indi səfər etməsi isə istəklərini ən yüksək səviyyədə təqdim etməklə yanaşı, regional proseslərdən də qaynaqlanır: “Birincisi, Ukrayna ətrafında danışıqlar prosesinin başlanmasından sonra Rusiyanın yenidən regionda aktivləşməsi və mövqelərini ilk olaraq Ermənistanda bərpa etmək cəhdləridir və bu, Paşinyan hakimiyyətinə həm xarici siyasət kursunda, həm də daxili mövqelərində risklər vəd edir: İrəvan Ankara ilə anlaşa və sərhədlərin açılması ilə dalandan çıxa biləcəyinə ümid edir. Buna nail olmaq Moskva qarşısında sərbəst siyasət aparmağa mane olan iqtisadi asılılığı da zəiflədə bilər”.
Ekspertin fikrincə, ikincisi, Ermənistanın regionda əsas müttəfiqi kimi gördüyü İranın faktiki olaraq oyundankənar vəziyyətə düşməsidir: “Bu, İrəvanı regionda təklənmiş vəziyyətə salır və xüsusilə Rusiya qarşısında "məcburi geriçəkilmə" perspektivləri yaradır. İranın kənarda qalmasından sonra Türkiyə Ermənistan üçün regionda alternativ güc rolunu oynaya bilər, Paşinyanın səfəri ən azı belə bir imkanın olduğunu sərgiləməyə hesablanıb. Türkiyə mövcud şərtlərdə Ermənistan üçün heç olmadığı qədər vacib oyunçuya çevrilib. Hərçənd İrəvanın bütün cəhdlərində çıxacağı qapı eynidir: Ankara ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasına nail olmaq üçün Bakı ilə sülh sazişini imzalamaq".
Analitik əmindir ki, Paşinyanı İstanbulda qəbul edən Ərdoğanın bir gün öncə Əliyevlə görüşü də Bakı ilə “saatları yoxlamaq” və Azərbaycan olmadan Ermənistanla anlaşmanın olmayacağına əminlik yaratmaq, eləcə də Paşinyana Ankara-Bakı gündəliyini təqdim etmək məqsədi daşıyırdı: “Ərdoğan-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə edilməsi də bunu deməyə əsas verir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”