Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunda ikiistiqamətli giriş-çıxış olacaq
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin ikiistiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Mahir Babayevin media nümayəndələrinə verdiyi məlumata görə, piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
"Piyada keçidinin bir hissəsinin dəmir-beton işləri yekunlaşmaq üzrədir. Yanaşma yolları ilə bağlı işlərin 90 faizi yerinə yetirilib, son tamamlama işləri aparılır." - deyə Mahir Babayev vurğulayıb.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.
Xatırladaq ki, iyunun 23-də Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.
MƏLUMAT YENİLƏNİR