Sabahdan Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən,qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.

Bu barədə Moderator.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, hər il qadınlar üçün təqaüdə çıxma yaşının 6 ay artırılması iqtisadi baxımdan bir çox səbəblərlə əlaqədardır. İqtisadçı qeyd edib ki, mövzuya ümumi baxsaq, ilk növbədə sığorta sistemində maliyyə dayanıqlığının artırılaması, qadınların kişilərə nisbətən daha uzun ömürlü olması, orta uzun ömürlülük həddinin artması həmçinin gənc nüfuzun sayının azlığı və işsizlik statistikası səbəb olan faktorlar arasındadır:
“Səhiyyə sistemində müraciət edən şəxslər sosial icbari sığortadan yararlanırlar, yığılan vergilər hesabına yetərli maliyyə vəsaiti daxil olmalıdır ki, xidmətdən faydalana bilinsin. 40-50 yaşından sonra qadınların iş tapmasındakı çətinlik ümumi işsizlik problemi fonunda sosial-iqtisadi baxımdan mürəkkəb məsələdir.
Gələcək təqaüd və dolanışıq səviyyəsi məsələsinə gəlincə, ilk növbədə qeyd edim ki, təqaüd əsasən iş stajına görə yüksək olacaq. Lakin dolanışıq səviyyəsi ilə bağlı dəqiq nəsə demək çətindir. İlk növbədə bu inflyasiya, pul kütləsi və onun dəyəri ilə əlaqədardır, bundan əlavə siyasi, iqtisadi və səhiyyə ilə də bağlı ola bilər. İnflyasiyanın dərəcəsi illik hətta aylıq dəyişə bilir ona görə də əsas odur ki artan məbləğ təyin olunan inflyasiya səviyyəsinin altına enməsin.
İdxaldan asılı bir ölkə olduğumuz üçün dünyada baş verən proseslər daxili bazarda qıtlığa və qiymət artımına səbəb olur. Bundan əlavə, COVID-19 kimi viruslar və digər xəstəliklər sağlamlıq problemlərinin artmasına, dərman preparatlarının qiymətlərinin yüksəlməsinə təsir göstərir. Xarici ölkələrin təcrübəsindən istifadə edərək təqaüd sistemimizi təkmilləşdirmək isə faydalı ola bilər”.
İqtisadçı qeyd edib ki, pensiya yaşının artırılması ilk növbədə sığorta sisteminin maliyyə baxımından davamlılığını təmin etməyə xidmət edir:
“Lakin daha məqsədəuyğun olardı ki, əmək qabiliyyəti yaşı azaldılsın və vətəndaşlar könüllü şəkildə sığorta haqqını özləri ödəsinlər. Hətta işləməyən evdar qadınlar belə ailə büdcəsi hesabına könüllü şəkildə bu sistemə qoşula bilərlər. Belə elə bir sistem tətbiq olunmalıdır: vətəndaş istəsə, 15 yaşından etibarən sığorta primlərini ödəsin, dövlət də illik 30% dəstək versin. Vətəndaş 45 yaşında təqaüdə çıxa bilər, istəsə, həm işləyib əmək haqqı ala bilər, həm də təqaüdünü əldə edə edə bilər.
Artıq ölüm yaşına yaxın insanlara təqaüd verməyin real faydası olmur. Sağ qalsalar belə, həmin vəsait onların sağlamlığına və normal yaşamasına kifayət etmir. Təklif etdiyim iqtisadi sistem dövlət üçün də daha faydalı olar. Çünki indi elə şəxslər var ki, heç vaxt işləməyib, amma yaşı çatanda təqaüd alacaq, bu isə hazırda sığorta ödəyən insanların hesabına baş verir. Digər tərəfdən, başqa ölkə vətəndaşlığı olan, həmin ölkəyə xidmət etmiş şəxslər də burada pensiya yaşı çatanda təqaüd alır. Ona görə də onların digər ölkədə topladıqları sığorta kapitalının müəyyən hissəsi, hətta tam hissəsi bizim sistemə köçürülməlidir”.
Mehin Mehmanqızı