Məlum həqiqətdir ki, Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən dəhşətli hadisə beynəlxalq hüquq normalarının, insan haqlarının kobud şəkildə pozulmasıdır.
Xatırladaq ki, iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Hüseyn Səfərovun Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşı olduqları da məlumdur.
Ekspertlər bildirir ki, bu gün xüsusilə Rusiyanın tarixi və mədəni əlaqələri olan xalqlara qarşı qəddarlıq və ayrı-seçkiliyin təzahürləri özünü getdikcə daha açıq büruzə verir. Məsələnin maraqlı tərəfi də burudr ki, bütün bunlar Vladimir Putinin hakimiyyəti illərində yürüdülən ardıcıl siyasi xətt kimi özünü büruzə verir. Məhz Putinin hakimiyyəti dövründə ölkədə qanunsuzluq, başıpozuqluq o həddə çatıb ki, məhkəmə qərarı olmadan, müvafiq araşdırma aparmadan insanlar qətlə yetirilir, amansız işgəncələrə məruz qalır. Bunun da məsuliyyəti birbaşa özünü hər bir vətəndaşın hüquqlarını qoruyacağına and içən şəxsin üzərinə düşür. Amma Putin bu missiyasının öhdəsindən gələ bilmir. Yekaterinburq şəhərində azərbaycanlılarl bağlı baş verən dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Bununla bağlı Rusiya Konstitusiyasının müvafiq maddələri də mövcuddur. Həmçinin bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir. Amma Putin bunları görməzdən gəlir. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov sözügedən kontekstdə bildirir ki, Yekaterinburqda baş verən hadisələr qanuni prosedurdan kənardır və daha çox planlaşdırılmış, xüsusi məqsədli bir aksiya təəssüratı yaradır: “Rusiya mediasının bu hadisəni işıqlandırma tərzi və xüsusilə də azərbaycanlıların bir millət olaraq hədəfə alınması bu narahatlığımızı daha da artırır. Onsuz da təyyarə insidentindən sonra Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranmışdı. Bu hadisə isə münasibətləri daha da kəskinləşdirəcək. Hadisədə xüsusi kampaniya əlamətləri açıq şəkildə görünür. Əldə olunan məlumata görə, bu işgəncələr birbaşa Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib. Halbuki bu kimi istintaq və hüquqi proseslər adətən prokurorluq və ya polis orqanlarının səlahiyyətindədir. Bu məqam isə əlavə suallar doğurur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu məsələyə artıq kəskin reaksiya verib. Həm rəsmi bəyanat verilib, həm də Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib. Yekaterinburqda baş verən bu hadisələr şübhəsiz ki, iki ölkə arasında geniş və çoxşaxəli əlaqələrin müəyyən dərəcədə geriləməsinə gətirib çıxaracaq. Azərbaycan dövləti isə hər zaman xarici ölkələrdə yaşayan vətəndaşlarının hüquqlarını qoruyur və müdafiə edir. Bu məsələdə də eyni prinsip tətbiq olunur və Azərbaycan tərəfindən atılan addımlar bunu bir daha təsdiqləyir”.
“Rusiya ruslar üçündür” şüarı indi şimalq qonşumuzda daha açıq formada həyata keçirilir. Bu, Rusiya-Azərbaycan münasibətlərində də özünü göstərir. İnsan itkisi ilə nəticələnən Bakı-Qroznı reysi ilə uçan təyyarənin vurulmasından çox keçməmiş soydaşlarımızın mansızlıqla qətlə yetirilməsi artıq heç bir qanuna və insani dəyərlərə sığmır. Azərbaycanlı deputatın hava limanında saxlanılaraq deportasiya edilməsi, ölkəmizə qarşı təşkil olunan kiberhücumlar, Azərbaycanın ixrac etdiyi məhsullarda guya “zərərli maddələrin” tapılması və digər təxribat xarakterli addımlar heç bir halda müttəfiqlik münasibətlərinə uyğun gəlmir. Bütün bu hadisələr bir daha sübut edir ki, Rusiya tərəfindən sərgilənən bu siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Baş verənlər Putin hakimiyyətinin şovinizmdən əl çəkmədiyini da qabarıq formada nümayiş etdirir. Bir vaxtlar bütün Rusiyanı silkələyən “Piranya-74” kimi skinxed dəstələri məhz Putinin layihəsi idi. Küçədə, bazarda, metroda qeyri-ruslara hücum çəkən, miqrantları döyüb, öldürüb buna görə bir çox halda yüngül cəza belə almayan skinxed dəstələrinin arxasında məhz dövlətin dayandığını bilməyən yox idi. Sadəcə Putin başıqırxıq küçə dəstələrinin sonda Rusiyanın özünə başağrısına çevriləcəyini anladığı üçün artıq bu sahəni güc strukturlarının əlində cəmləşdirməyə qərar verşdi. Yekaterinburqda baş verənlər və ondan əvvəlki hadisələr də bunu bir daha təsdiqləmiş oldu. İndi də Rusiyada baş verən hadisələr heç bir sivil qanunla tənzimlənmir. Vaxtaşırı miqrantlara qarşı törədilən zorakılıq halları, öz vətəndaşlarına qarşı tətbiq olunan amansız cəza üsulları onu göstərir ki, dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrdən təcrid edilmiş Rusiya rəhbərliyi öz nifrətini sadə insanlara qarşı yönəltməkdən başqa bir yol tapmır. Hazırda Rusiyanın xarici və daxili siyasəti cinayətkar aləmə xas olan qayda-qanunlarla yürüdülür. Yekaterinburqda baş verən son hadisələr göstərir ki, Rusiya hüquq-mühafizə orqanları cinayəti təqib etmək və aradan qaldırmaq əvəzinə özləri cinayət əməlləri törədirlər. Bu isə bütövlükdə rejimin özünün cinayətkar mahiyyətinin göstəricisidir. Baş verənlərdən təkcə azərbaycanlılar yox, bütün postsovet ölkələrindən olan miqrantlar, digər ölkələrdən Rusiyaya gələnər əziyyət çəkir. Görünən budur ki, Putin hakimiyyəti dövründə Rusiyanın şovinist, millətçi siyasəti dəyişməyəcək.
Tahir TAĞIYEV