“Rusiya və Azərbaycan arasında gərginliyin hansı həddə çatacağını proqnozlaşdırmaq çətindir. Çünki bu məsələdə Azərbaycan tərəfinin konkret tələbləri var. Azərbaycana qarşı törədilən dövlət səviyyəsindəki bu zorakılıq aktına görə Rusiya tərəfi doğru araşdırmalı, günahkarları ciddi şəkildə cəzalandırmalıdır. Ancaq AZAL-ın təyyarəsinin vurulması hadisəsindən görünən odur ki, Rusiya problemlərin həllində hüquqi müstəvidə addım atmır. Dövlət səviyyəsində törədilən hücumlar ört-basdır edilməyə çalışılır. Hesab edirəm ki, təyyarə hadisəsində olduğu kimi bu məsələdə də Rusiya günahını qəbul etməyəcək”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı edilən bu zorakılıqlar Bakı-Moskva xəttində həll olunmamış bir problem kimi qala bilər:
“Ancaq bu hadisələrin münasibətlərin tamamilə korlanmasına gətirib çıxaracağını hesab etmirəm. Çünki Azərbaycanla Rusiya arasında təmas xətləri hələ də var və münasibətlərin daha da pisləşməsi heç bir tərəfə sərf etmir. Xüsusilə Rusiya tərəfi Cənubi Qafqazdakı mövqeyi və geosiyasi proseslərin regiona təsirləri fonunda Azərbaycanla münasibətlərin tamamilə kəsilməsində maraqlı deyil. Əslində Rusiyanın AZAL-ın təyyarəsinin vurulmasından indiyə qədər Azərbaycana qarşı atdığı addımların arxasında həm də regional planları dayanır. Çünki Rusiya Ukrayna ətrafında danışıqların başlamasından sonra yenidən Cənubi Qafqaza qayıtmaq cəhdləri istiqamətində addımlar atır. Rusiya bu məsələ də hər zamankı kimi imperativ yanaşma sərgiləyir.
Rəsmi Moskva tarix boyu regionda münaqişə ocağı yaratmağa və yenidən hakim rolunda çıxış etməyə çalışıb. Məsələn Ermənistanda revanşistlərə verilən dəstək də bu konteksdə dəyərləndirilməlidir. Eyni zamanda, Rusiyada yenidən Qarabağ məsələsi absurd formada ortaya atılmağa başlayıb. Bütün bunlar Rusiyanın Cənubi Qafqaza klassik zorakılıq yolu ilə qayıtmaq cəhdlərinin tərkib hissəsidir. Azərbaycana qarşı edilən bu zorakılıq halları da məhz rəsmi Bakıya təzyiq etmək, müstəqil siyasətinə təsir etmək məqsədi daşıyır. Moskva istəyir ki, Azərbaycan öz xarici siyasətində Rusiyanın mövqelərini nəzərə alsın.
Ukrayna müharibəsinin ən qızğın dövründə Rusiyanın diqqəti ona yönəldiyi üçün postsovet məkan diqqətdən yayınmışdı. Ancaq Donald Trampın hakimiyyətə gəlişindən sonra danışıqların başlaması ilə bir növ Rusiyanın önü açıldı, beynəlxalq aləmdəki təcrid qismən yumşaldı. Bu da Rusiyanın yenidən regionda öz imperiya maraqlarını qorumaq istiqamətində addım atmağa sövq edir. Bakı-Moskva arasındakı gərginliyin səbəbləri də məhz bundan qaynaqlanır. Rəsmi Bakı artıq regionda öz sözünü deyib. Qarabağ məsələsinin həllindən sonra Azərbaycana Rusiya da daxil olmaqla xaricdən təsirlər kifayət qədər zəifləyib. Azərbaycan tərəfi öz tələblərini geri çəkməyəcək. Ancaq müəyyən müddətdən sonra Rusiya ilə təmaslar davam edə bilər. Azərbaycanla münasibətlərin korlanmasının Rusiyanin regiondakı planlarına zidd olduğunu nəzərə alsaq, hesab edirəm ki, iki ölkə arasında gərginliyin azalması məqsədilə Moskva müəyyən təşəbbüslər göstərə bilər. Hətta istisna deyil ki, Rusiya Prezidenti Vladimir Putin birbaşa Azərbaycan Prezidenti İlham Əliyevə zəng edə bilər”.
//Gülnarə Abasova, Editor.az