Azərbaycanlılara qarşı repressiyalar Rusiyanın zəifliyinin əlamətidir.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov Ukraynanın nüfuzlu “Qordon” nəşrində dərc olunan məqaləsində bildirib.
O yazıb: “İyunun 27-də Yekaterinburqda baş verənlər gözlənilən və hətta deyərdim ki, hadisələrin labüd inkişafıdır. Nəzərinizə çatdırım ki, bu şəhərdə azərbaycanlıların döyülməsi və işgəncələrə məruz qalması ilə müşayiət olunan kütləvi həbslər olub. Rusiyanın FTX və İstintaq Komitəsinin qondarma reydi nəticəsində 50-dən çox azərbaycanlı polis bölməsinə aparılıb. Onların hamısı etnik azərbaycanlılardır. Bu, artıq milli mənsubiyyət zəminində təqiblərdən xəbər verir”.
H.Cavadov qeyd edib ki, iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar federal səviyyədə özbaşınalıq nəticəsində dünyasını dəyişiblər. “Xüsusi qeyd etmək istərdim ki, H.Səfərov Azərbaycan vətəndaşı idi. Yalan Rusiya təbliğatı artıq onların “infarkt” nəticəsində həlak olması ilə bağlı cəfəng fikirlər səsləndirib. Qəribədir ki, onlar bu dəfə guya zərərçəkənlərin üzərindən çıxan bədnam “Yaroşun vizit kartı”nı (20 aprel 2014-cü ildə çıxan internet yaddaşı, Rusiya mediasının təbliğatına parodiya) xatırlamayıblar.
Azərbaycanlıların elektroşok, dəyənək və lomla döyülməsini, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onların aldığı ağır bədən xəsarətlərini əks etdirən video və foto sübutlar var. Amma Rusiyada hadisələrin axarını təhrif etməyə çalışır, bir-birinin ardınca cəfəng fikirlər səsləndirirlər. Rusiyanın bu cür davranışı heç də təəccüblü deyil”, -deyə diaspor rəhbəri qeyd edib.
Müəllif daha sonra yazır: “Bu kontekstdə Bakı-Qroznı marşrutu üzrə J2-8243 reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu yada salaq. Xatırladıram ki, bu fəlakət nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i, o cümlədən pilotlarını hər ikisi və bir stüardessa həlak oldu.
Rusiya nəinki bu cinayətdə açıq-aşkar görünən təqsirini etiraf etmədi, əksinə, Kremlin təbliğatçıları daha sonra “sərnişin təyyarəsinin quş sürüsü ilə toqquşması” və ya onun “göyərtəsində partlayış” barədə yalan və cəfəngiyat dolu məlumatlar yaymağa başladılar. Biz Rusiyanın müxtəlif siyasətçiləri, o cümlədən Dövlət Dumasının deputatlarından da Azərbaycana qarşı açıq, kobud şovinist fikirlər eşitdik.
Bu gün də eyni vəziyyətin şahidi oluruq. Göründüyü kimi, müxtəlif növ rusdillilərə eyniməzmunlu təlimat verilib – aşkar olanı inkar etmək və utanıb-qızarmadan yalan danışmaq. Ona görə də Azərbaycan tərəfinin reaksiyası proqnozlaşdırılan dərəcədə sərt olub: Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfəri təxirə salınıb. Bundan başqa, Rusiyanın dövlət və özəl qurumları tərəfindən Azərbaycan üçün nəzərdə tutulan mədəniyyət tədbirləri də ləğv edilib”.