ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Xəbər verildiyi kimi, iyunun 26-sı axşam saatlarında Bakı şəhərinin Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü yer səthinin çökməsi nəticəsində kanalizasiya kollektoruna düşüb. Gəncin meyiti iki gün sonra Hövsan ərazisində tapılıb.
Təbii ki, bu hadisə cəmiyyətdə böyük narazılıq və ictimai qınağa səbəb olub. Hadisədən sonra adı hallanan qurumlar bir-birinin ardınca açıqlamalar verdilər, məsuliyyəti bir-birinin üzərinə atmağa çalışdılar. Sonda məlum oldu ki, hadisə Bakı Su Kanal İdarəsinin balansında olan sistemdə baş verib və bu faktla bağlı prokurorluq tərəfindən cinayət işi açılıb.
Bütün bunlar, təəssüf ki, 27 yaşlı gənci geri qaytarmayacaq, onun ailəsinin və yaxınlarının ürəyindəki yanğıya su səpməyəcək. Lakin sual olunur: aidiyyəti qurumlar heç olmasa bundan sonra Cümşüd kimi gənclərin, vətəndaşların belə acı tale yaşamamaları üçün hansısa tədbirlər görəcəklərmi?
Bu suala cavab vermək çətindir. Bəlkə də bu, cavabı olmayan bir sualdır. Çünki sosial şəbəkələrdə bənzər vəziyyətdə olan ərazilərin, çökmək üzrə olan kanalizasiya kollektorlarının mövcudluğu ilə bağlı çoxsaylı video və paylaşımlar yayılır.
"Əgər bu yerlər mövcuddursa, aidiyyəti qurum niyə indiyə qədər öz işini görməyib?" sualını vermək asandır. Amma əsas sual budur: heç olmasa bundan sonra bu kimi halların qarşısını almaq üçün həmin qurumlar öz vəzifə borclarını yerinə yetirəcəklərmi?
Yeni yasamal ərazisindən paylaşılan bir videogörüntü göstərir ki, bu sahəyə məsul olanlar vaxtında lazımi tədbir görülməsə, hələ bu kollektorlar çox bəlalara səbəb olacaq.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.