İsrailin baş naziri Benyamin Netanyahu İsrail Nazirlər Kabinetinin iclasının əvvəlində gələn həftə Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffla görüşməyi planlaşdırdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Gələn həftə ABŞ prezidenti Donald Tramp, vitse-prezident Vens, dövlət katibi Rubio, müdafiə naziri Heqset, həmçinin Stiv Vitkoff və ticarət naziri [Hovard Lutnik] ilə görüşlər üçün Birləşmiş Ştatlara səfər etməyim gözlənilir”, – Netanyahu bildirib. Nazirlər Kabinetinin iclası zamanı baş nazirin dediklərini onun ofisi yayıb.
“Bütün bunlar [İrana qarşı Aslan qalxması] əməliyyatı zamanı əldə etdiyimiz böyük qələbə dalğasında baş verir”, – deyə İsrail Nazirlər Kabinetinin rəhbəri əlavə edib.
Netanyahu qeyd edib ki, “uğurdan istifadə etmək ona nail olmaqdan heç də az vacib deyil”. O, nazirlərə müraciət edərək əlavə edib ki, ABŞ-a səfərindən əvvəl Vaşinqtonla “ticarət razılaşması əldə etmək üçün bir neçə məsələ həll edilməlidir”. Bundan əlavə, baş nazir Vaşinqtonda Konqres və Senat rəhbərləri ilə görüşəcəyini, həmçinin “təhlükəsizlik görüşlərində” iştirak edəcəyini bildirib.
İyunun sonunda Axios-un müxbiri Barak Ravid və Associated Press agentliyi Netanyahunun yaxın günlərdə Vaşinqtona səfər edəcəyini və iyulun 7-də Ağ Evdə Trampla danışıqlar aparacağını bildirib.Amerika və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələ ki, ətraflı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.