AZ

Aİ Ukraynaya dondurulmuş Rusiya aktivlərindən 1,9 milyard avro yardım edib

BAKI, 1iyul. TELEQRAF

Avropa İttifaqı 2025-ci ilin ilk altı ayı ərzində Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına 1,9 milyard avro maliyyə yardımı ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ Şurasında Varşavanın sədrliyinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, bu vəsait Ukraynada silah istehsalı və hərbi ehtiyacların təmin olunmasına yönəldilib: “Bizim sədrliyimiz dövründə dondurulmuş Rusiya aktivlərindən faiz gəlirləri hesabına əldə olunan 1,9 milyard avro həcmində ikinci yardım tranşını Ukraynaya ötürmək mümkün oldu.”

Qeyd edək ki, Avropa İttifaqı liderləri 2024-cü ildə keçirilmiş sammitdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin bir hissəsinin Ukraynaya hərbi dəstək məqsədilə ayrılması barədə qərar qəbul etmişdi. 2025-ci ilin yazında Ukraynanın baş naziri Denis Şmıqal Aİ-nin bu məqsədlə 1,9 milyard avro ayıracağını açıqlamışdı.

Bu vəsaitin 1 milyard avrosu Ukrayna istehsalçıları ilə birbaşa silah alışına – “Danimarka modeli” üzrə – sərf olunacaq. Üstəlik, 600 milyon avrodan çoxu artilleriya və sursat alınmasına, 200 milyon avrodan çoxu isə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəldiləcək.

Hazırda Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya tərəfindən dondurulmuş Rusiya aktivlərinin ümumi həcmi 300 milyard dollara yaxındır. Bu vəsaitin təxminən 210 milyard dolları Belçikada yerləşən Euroclear beynəlxalq maliyyə platformasında saxlanılır.

Seçilən
38
24
teleqraf.com

10Mənbələr