Bakı, TurkicWorld
Nyu Yorkda Tramp və Netanyahunun Qəzza siyasətinə qarşı etirazlar baş qaldırıb.
TurkicWorld xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın Qəzza siyasətinə qarşı kütləvi etiraz aksiyası keçirilib.
Vaşinqton Meydan Parkında toplaşan nümayişçilər Yaxın Şərqdə sülh çağırışı ilə çıxış ediblər.
Etirazçılar əllərində “Müharibəyə yox”, “Azad Fələstin, Azad İran”, “Soyqırımı dayandırın” yazılı plakatlar qaldıraraq Fələstində mülki əhalinin vəziyyətinə diqqət çəkiblər.
Aksiya zamanı bölgədə baş verən “12 günlük müharibə” və artan humanitar böhran ön plana çıxarılıb.
Eyni məkanda İsrail tərəfdarlarının da əks nümayiş keçirməsi gərginliyə səbəb olub. Lakin Nyu York Polis İdarəsinin (NYPD) geniş təhlükəsizlik tədbirləri sayəsində qarşıdurmanın qarşısı alınıb və etirazlar insidentsiz sona çatıb.
Etirazçılar gələn həftə Vaşinqtonda keçiriləcək Netanyahu-Tramp görüşünün daimi atəşkəs və mülki itkilərin dayandırılması üçün vacib addım ola biləcəyini bildiriblər. ABŞ-ın Yaxın Şərqdə sülhə töhfə verməli olduğunu vurğulayan fəallar, rəsmi Vaşinqtonu İsrailin müharibə siyasətinə dəstək verməməyə çağırıblar.