AZ

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni detallar açıqlandı: Atəş açan hərbçinin ifadəsi və istintaqda Suriya dəftərləri

Musavat.com rus dilində yayım edən Minval.az saytında dərc olunan və özündə mühüm məlumatı daşıyan önəmli bir yazının tərcüməsini nəşr edir.

*

Minval.az Rusiya Federasiyası İstintaq Komitəsinin 505-ci hərbi istintaq şöbəsinin (Cənub hərbi dairəsinin tərkibindəki hərbi istintaq orqanlarına daxildir və Çeçenistan ərazisində fəaliyyət göstərir) AZAL-ın Embraer E190 təyyarəsinin qəzaya uğraması ilə bağlı apardığı daxili araşdırmaya dair maraqlı detallara malikdir. Biz artıq bu mövzuda növbəti materialımızın dərc olunacağını anons etmişdik. Dünən redaksiya hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukun məktubunu yayımladı. O, təyyarəyə atəş açılmasının Rusiya Müdafiə Nazirliyinin əmri ilə həyata keçirildiyini təsdiqləyirdi. Eləcə də, təyyarəyə zərbə anını əks etdirən video dərc edilmişdi.

PİSMO.jpg

Xatırladaq ki, öz izahat məktubunda Paladiçuk bildirib ki, o, hərbi hissə №75564-ün 1-ci zenit-raket-artilleriya divizionunun «Pantsir-S» 274 saylı döyüş maşınının hesablanma rəisi olub. Onun sözlərinə görə, 2024-cü il dekabrın 25-də səhər saatlarında, yəni Azərbaycan sərnişin təyyarəsi Qroznıya yaxınlaşarkən o, şəhəri müdafiə etmək üçün döyüş növbətçiliyində olub. Paladiçuk əmr alaraq 1-ci dərəcəli hazırlıq vəziyyətinə keçib və HƏDƏFin məhv edilməsinə dair əmri icra etdiyini xronoloji ardıcıllıqla ətraflı şəkildə təsvir edib.

Lakin həmin məktubdan və ona əlavə edilmiş (Minval-ın sərəncamında olan) telefon danışığının səs yazılarından aydın olur ki, Paladiçuk «Pantsir-S» zenit-raket-artilleriya kompleksindən iki dəfə atəş açsa da, sərnişin təyyarəsinin siluetini seçə bilməyib. Çünki məlum olub ki, döyüş maşını texniki cəhətdən nasaz vəziyyətdə olub və o, yalnız Rusiya Müdafiə Nazirliyinin əmrini yerinə yetirib.

İfadəsində Paladiçuk bildirib ki, 2024-cü ilin dekabrında Qroznı şəhərinin obyektlərini qorumaq və müdafiə etmək məqsədilə Hava Hücumundan Müdafiə Qoşunlarının 51-ci diviziyasının əmri altına verilib. Bundan əvvəl o, Suriyada xidmət edib. Elə 2017-ci ildən Suriyada yerləşən 274 saylı döyüş maşını da orada olub. Bu maşından AZAL təyyarəsinə atəş açılıb. Döyüş maşını vaxtında texniki baxışdan keçirilmədiyi üçün Qroznıya gətirilərkən onun avtonom optik postunun işi ilə bağlı problemlər yaranıb. Bu post RLS məlumatlarına əsaslanaraq hədəfləri axtarmaq və raketlə hədəfin bir-birinə nisbətdə yerini müəyyən etmək üçün nəzərdə tutulmuşdu.

Bu səbəbdən döyüş maşını heyəti hədəfin siluetini aydın görə bilməyib. Paladiçukun sözlərinə görə, o, artıq 2024-cü il dekabrın 15-də hava hədəflərinə «gözüyumulu» atəş açmağa məcbur olub.

Bundan başqa, BМ-də çoxfunksiyalı radiolokasiya stansiyası (MРLS) və termal kamera da nasaz vəziyyətdə olub.

Bizim sərəncamımızda olan səs yazılarında Paladiçukun hadisə ilə bağlı həmkarlarının suallarına verdiyi şərhlər də əksini tapıb. Məsələn, o, onlardan biri ilə danışığında deyir:

«Bəli, Maks, iki dəfə atəş açdım. Əmri operativ şəkildə verdilər, raketlər atıldıqdan və hədəfə çatmayandan sonra dedilər ki, bu, bizim təyyarə imiş. Mən o dəqiqə ağardım, indi də əsirəm. Az qaldı özümüzünküləri vuraq. Yaxşı ki, hədəfdən yayınmışdı. Mənim istiqamətim, azimutum tam fərqli idi, başqa tərəfə atəş açmışdım, təyyarə isə başqa yerdə idi. Amma raketlər məhv etmək üçün göndərilmişdi. Məhv etməyə gedəndə isə qəlpələr təyyarəni də vura bilərdi. Kim bilir, mən Allah deyiləm ki.»

Həmin danışıq zamanı Paladiçuk əlavə edir ki, adətən pilotsuz uçuş təhlükəsi olarsa, «Kover» planı elan edilir. Amma onun dediyinə görə, bu dəfə «Kover»lə gecikiblər. Başqa sözlə, «Azərbaycan Hava Yolları»nın təyyarəsi vaxtında xəbərdar edilməyib.

«Vizual heç nə görmürdüm, maşın problemli idi. Həm qərbdən, həm cənubdan pilotsuz uçuş aparatları yaxınlaşırdı. Mənim iki istiqamətim var idi: şimal-qərb və cənub-qərb. İki dar dərədən keçirdilər, bəzən dağdan da aşa bilirdilər, amma orada adətən təyyarələr uçurdu. İstintaqçılar məni boğaza yığdı, bütün döyüş növbətçiliyi jurnallarını əlimdən aldılar. Yaxşı ki, Suriyadan qalmış jurnallar var idi, atmamışdım», – deyə Paladiçuk etiraf edir.

«Siluetləri demək olar ki, ümumiyyətlə seçmək olmurdu, pilotsuzlar gəlirdi, mən də öz riskimə görə atəş açırdım… Problem MРLS və optiko-elektron sistemdə idi: 4 km məsafədə yalnız böyük ləkə görürdüm, pilotsuz təyyarə tipli hədəfi isə heç seçə bilmirdim. Suriyada daha böyük məsafədən siluetləri seçirdim, amma burada heç nə alınmadı… Maşın 2017-ci ildən Suriyanın cənubunda idi, növbə çəkirdi, təbii ki, ehtiyat hissələrinin 90%-i demək olar ki, təmin olunmurdu…», — deyə hesablanma rəisi digər həmkarına danışır.

Beləliklə, 38 nəfərin həyatına son qoyan faciə Rusiya Müdafiə Nazirliyinin, daha dəqiqi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının 4-cü Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının 51-ci diviziyasının rəhbərliyinin günahı üzündən baş verib. Hərbi rəhbərlik döyüş maşınının heyəti üçün lazımi xidmət şəraitinin yaradılmasına nəzarət etməyib və onların fəaliyyətini düzgün yoxlamayıb.

«Pantsir-S» PZRК-nin 274 saylı döyüş maşınının Qroznıda olduğu dövrdə vəziyyəti qənaətbəxş olmayıb və bu da baş vermiş insidentin əsas səbəblərindən biridir. Kapitan Paladiçukun dediyinə görə, o, atəş açmaq qərarını Hava Hücumundan Müdafiə Qoşunlarının 51-ci diviziyasının operativ növbətçisinin əmri əsasında qəbul edib. Halbuki həmin vaxt «Pantsir-S» hesablanmasının hədəfi aşkar etmə vasitələri işləmirdi və bu səbəbdən hədəfi tanımaq mümkün olmayıb.

İş prosesində məlum olub ki, Paladiçuk atəş açmaq əmri ilə bağlı göstərişi döyüş maşınının standart rabitə vasitələrinin işləmədiyinə görə mobil telefon vasitəsilə alıb. Bu isə mövcud qaydalara kobud şəkildə ziddir və yüksək rəhbərliyin məsuliyyətsiz münasibətini göstərir.

Bəlkə də Rusiyanın özünü dünyanın ikinci ordusu adlandıran rəhbərliyi əvvəldən etiraf etməli idi ki, bu faciə Müdafiə Nazirliyinin rəhbərliyinin cinayətkar səhlənkarlığı səbəbindən baş verib. Onlar təkcə hava məkanının təhlükəsizliyinə cavabdeh olan döyüş maşınlarının nasazlığına deyil, ümumiyyətlə mülki aviasiyanın təhlükəsizliyinə də vecinə almırdılar. Axı heç kim Qroznı hava limanının vaxtında xüsusi rejim tətbiq etməsinə də nəzarət etmədi.

Bəli, bundan sonra ciddi istintaq aparılmalı idi. Bəli, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri istefaya göndərilməli idi. Çünki belə səhlənkarlıq, özü də müharibə vaxtı, sabah onların öz vətəndaşlarının başında partlayacaq. Mütləq partlayacaq. Ən azı özləri üçün rus hakimiyyəti bunu etməli idi. Çünki bu, sadəcə təsadüfi hadisə deyil, aviasiya qəzasına səbəb olan şərait — bu, dərin korrupsiya və Rusiya Müdafiə Nazirliyinin bataq kimi çürümüş büdcəsidir.

Məlum olduğu kimi, bu il Rusiya prezidenti Vladimir Putin 2025-27-ci illər üçün rekord hərbi büdcəni təsdiqləyib. Bu isə rusların sosial təminat xərclərinin azaldılması hesabına baş verib.

Sənədə əsasən, 2025-ci ildə hökumət «milli müdafiə» xərclərini 13,49 trilyon rubla çatdıracaq. Ötən illə (10,8 trilyon rubl) müqayisədə hərbi büdcə 25% artacaq. Amma Hava Hücumundan Müdafiə hesablanmalarının vəziyyəti göstərdi ki, bu vəsaitlərin böyük hissəsi, yəni vergi ödəyicilərinin pulları, təyinatı üzrə xərclənməyəcək, korrupsionerlərin cibinə gedəcək. Çünki onlar cəzasız qalacaqlarına əmin olduqları üçün rus xalqını daha çox soyacaqlar, illik hesabatlarda isə rəqəmləri «şişirdib» rifah görüntüsü yaradacaqlar.

Lakin günahı etiraf etmək və günahkarları cəzalandırmaq əvəzinə, Moskva daha böyük faciəyə yol verdi, Azərbaycana qarşı informasiya müharibəsi elan etdi. Rusiyada təkcə bizim soydaşlarımızı deyil, həm də öz vətəndaşlarını etnik mənsubiyyətinə görə təqib etməyə başladılar. İnsanlara hüquqi əsas olmadan divan tutuldu. «Azərbaycan Hava Yolları» təyyarəsinin vurulması və qəzaya uğramasından sonra Azərbaycanla Rusiya arasındakı münasibətlərdə gərginlik artır və hələ ki, bunun sonu görünmür. Moskva isə hələ də anlamazlığa vuraraq, Azərbaycan tərəfinin sərt açıqlamalarına nə səbəb olduğunu «başa düşmür» və guya Bakı onunla münasibətləri korlamaq istəyir.

Onilliklərdir Rusiyada yaşayan qafqazlılara, miqrantlara, ümumiyyətlə qeyri-ruslara qarşı mediada, digər informasiya platformalarında, hüquq-mühafizə orqanlarında aparılan təbliğat, nifrət aşılanması — «işıq döyüşçüləri»nin əsl üzünü göstərir. Onlar həmişə başqalarından düşmən düzəltməyə, günah keçisi axtarmağa adət ediblər və elə bilirdilər ki, bu, heç vaxt onlara qarşı dönməyəcək.

Rusiyada baş verənlər göstərir ki, bu ölkə psixoloji baxımdan infantildir. İllərdir özünü dünya hakimi hesab edən dövlət əslində buna heç yetişməyib. Bu gün Moskva Azərbaycanı sıxışdırmaq üçün sadə insanlardan qisas alır. Və bu, əslində, heç nə ilə pərdələnə bilməyən neofaşizmdir.
Ramella İbrahimxəlilova, Minval.az

Yazının rus dilində dərc olunan əsli budur: https://minval.az/news/124473566

Seçilən
22
50
musavat.com

10Mənbələr