2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus "Embraer E190" təyyarəsi ilə bağlı daha bir maraqlı təfərrüat üzə çıxıb.
Publika.az xəbər verir ki, təfərrüatı Minval.az saytı dərc edib.
Qeyd edək ki, ötən gün redaksiya Rusiya Müdafiə Nazirliyinin əmri ilə təyyarəyə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukun məktubunu, həmçinin təyyarənin vurulma anını əks etdirən videonu yaymışdı.
Paladiçuk izahat məktubunda etiraf etmişdi ki, o, 75564 saylı hərbi hissənin 1-ci zenit raket-artilleriya diviziyasının 274 saylı "Pantsir-S" daşınabilən zenit raket kompleksi döyüş maşını ekipajının rəisidir. Onun sözlərinə görə, AZAL təyyarəsin Qroznıya yaxınlaşarkən vurulduğu vaxt (25 dekabr 2024-cü il) şəhərdə döyüş növbətçiliyində olub.
O, 1 nömrəli hazırlıq səviyyəsinə keçmək və hədəfi məhv etmək əmrini aldıqdan sonra hərəkətlərini xronoloji ardıcıllıqla ətraflı bildirib.
Bununla belə, eyni məktubdan və ona əlavə edilmiş telefon danışıqlarından məlum olub ki, Paladiçuk "Pantsir-S"dən iki atəş açsa da, mülki təyyarənin siluetini tanımayıb, çünki döyüş maşını nasaz vəziyyətdə olub və o, yalnız Rusiya Müdafiə Nazirliyinin əmri ilə hərəkət edib.
Dindirilmə zamanı Paladiçuk ifadəsində bildirib ki, o, 2024-cü ilin dekabrında Qroznı şəhərinin obyektlərinin mühafizəsi və müdafiəsi üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının operativ tabeliyinə daxil olub. Bundan əvvəl o, Suriyada xidmət edib. Atəşlərin açıldığı 274 saylı döyüş maşını 2017-ci ildən orada yerləşdirilib. Maşına lazımi texniki qulluq göstərilməyib və Qroznıya çatdıqdan sonra onda radar məlumatlarından istifadə edərək hədəfləri axtarmaq, hədəflə raketin bir-birinə münasibətdə harada yerləşdiyini müəyyən etmək üçün nəzərdə tutulmuş avtonom optik postun işində problemlər yaranıb.
Bu problem üzündən döyüş maşınının heyəti hədəfin siluetini aydın şəkildə ayırd edə bilməyib və kapitan Paladiçukun sözlərinə görə, 2024-cü il dekabrın 15-də o, artıq kor-koranə hava hədəflərini atəşə tutmalı olub.