AZ

Dioqo Jota Azərbaycan millisi ilə oyunda qol vurub

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Avtoqəza nəticəsində həlak olan Dioqo Jota 2019-cu ildən formasını geyindiyi Portuqaliya millisində 49 oyunda 14 qol vurub.

İdman.biz xəbər verir ki, o, komandasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində 2021-ci il sentyabrın 7-də Bakıdakı Olimpiya stadionunda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldiyi oyunda da fərqlənmişdi.

Portuqaliya millisinin heyətində bir dünya və iki Avropa çempionatında çıxış edən Jota 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasının qalibi olmuşdu.

Klub karyerasına gəlincə, 2020-ci ildən "Liverpul"da çıxış edən mərhum futbolçu daha əvvəl "Pakoş de Ferreira", "Porto" və "Vulverhempton"un formasını geyinib. 2016-cı ildə Madrid "Atletiko"su ilə də müqavilə bağlasa da, bu komandada oynamaq ona nəsib olmayıb - digər klublara icarəyə verilib.

Hücumçu və sol vinger mövqelərində oynamış Jota 5 mövsüm ərzində "Liverpul"da ümumilikdə 182 oyunda 65 qol vurub. 2024-cü ilin yanvarında Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib. "Liverpul"la 2022-ci ildə FA kuboku və EFL kubokunu qazanıb və UEFA Çempionlar Liqasının finalçısı, 2025-ci ildə isə Premyer Liqanın qalibi olub.

"Vulverhempton"un heyətində 2019-cu ildə Avropa Liqasında "Beşiktaş"la (4:0), "Liverpul"da 2020-ci ildə Çempionlar Liqasında "Atalanta" (5:0) ilə het-trik etdiyi matçlar ən yaxşı oyunları kimi xatırlana bilər.

Jota yüksək sürəti və driblinq bacarığı ilə seçilirdi.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
42
icma.az

10Mənbələr