Ötən həftə ölkəmizdə lisey və gimnaziyalara qəbul imtahanı keçirilib. İmtahan zamanı əsas problemlərdən biri şagirdlərin kodlaşdırmada çətinlik çəkmələri ilə bağlı olub.
İmtahan nəzarətçilərindən biri Musavat.com əməkdaşına deyib ki, iştirakçılar təqdim edilən kodlaşdırma vərəqlərində Ümumi Təhsil İnformasiya Sistemi (ÜTİS) kodlarını səhv yazdıqları və ya digər məlumatlarda yanlışlıqlara yol verdikləri üçün vərəqi qaraladıqda problemlər yaranıb. Onun sözlərinə görə, yeni kodlaşdırma vərəqinə cavabların köçürülməsi əlavə vaxt tələb edir. Bundan əlavə, vərəqə yanlışlıqla su tökülməsi və ya onun yararsız hala düşməsi də nəticələrinin ləğv olunmasının səbəblərindən biridir. Şagirdlərin imtahan təcrübəsinin azlığı və yaşlarına görə yüksək stress halları problemləri daha da artırır.
Bəs bu halların qarşısını almaq üçün imtahanların elektron sistemdə aparılması çıxış yolu ola bilərmi?
Mövzu ilə bağlı təhsil üzrə ekspert Ramin Nuralıyev Musavat.com-a açıqlamasında bildirib ki, lisey və gimnaziyalara qəbul imtahanlarında cavab kartlarının əvvəlcədən elektron formada doldurulmuş hazır variantı təqdim olunmalıdır. Onun sözlərinə görə, şagirdlərin səhv etməsi və yanlış kodlaşdırma aparması təbii və başa düşüləndir:
“Şagird onsuz da elektron şəkildə qeydiyyatdan keçir. Həmin məlumatlar əsasında elektron barkod sxemi hazırlanmalıdır. Hazırda Dövlət İmtahan Mərkəzinin (DİM) bir sıra imtahanlarında bu proses tətbiq olunur. Azyaşlı şagirdlərin iştirak etdiyi imtahanlarda da bu sistemdən istifadə etmək lazımdır”, – deyə qeyd edib.
Ekspert əlavə edib ki, imtahan prosesində şagirdlərin əlavə stress yaşamaması üçün imtahanların elektronlaşdırılmış sistem vasitəsilə keçirilməsi təklif oluna bilər. Onun sözlərinə görə, hazırda ölkədə belə bir təcrübə mövcuddur və Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında istifadə olunur:
“Əgər şagirdlər üçün də bu sistem tətbiq olunsa, daha yaxşı olar. Şagird rahatlıqla imtahanını verər və nəticəsini də asanlıqla öyrənə bilər.”
Həmçinin, iştirakçı sayı çox olan imtahanların elektron formada keçirilməsində müəyyən çətinliklər yarana biləcəyini qeyd edib. Belə imtahanlar üçün xüsusi inzibati binalar və tam elektronlaşdırılmış infrastruktur tələb olunur.
“Amma iştirakçı sayı az olan imtahanların elektron sistemlə keçirilməsi arzuolunandır. Növbəti ildən lisey və gimnaziyalara qəbulun 6-cı sinifdən aparılması gözlənilir və bu səbəbdən də iştirakçı sayının azalacağı ehtimal olunur ki, bu da elektron sistemin tətbiqi üçün əlverişli şərait yarada bilər”.
Mənzər Novruzlu
Musavat.com