AZ

Putinin sözçüsü Peskov: "Azərbaycanı hədələmirik"

Putinin sözçüsü Peskov Ukraynanı Azərbaycanla Rusiya arasında gərginliyi qızışdırmaqda və ya onun təbirincə, odun üstünə yağ tökməkdə ittiham edib.

Dmitri Peskov Bakıda həbs olunmuş rusiyalı vətəndaşların həbsindən sonra deyib:

"Ukrayna indi odun üstünə yağ tökmək, Azərbaycan tərəfini bu cür emosional hərəkətlərə təhrik etmək, emosional hərəkətləri davam etdirmək üçün əlindən gələni edəcək".

Peskovun sözlərinə görə, hadisələrin kökündə Rusiyada Azərbaycan vətəndaşlarına qarşı başlanmış təhqiqat işləri dayanır, amma Kiyev bu məlumatdan gərginliyi artırmaq üçün istifadə edəcək.

O əlavə edib: "Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və heç vaxt təhdid etməyir".

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

Zelenski X hesabında Rusiyada iki azərbaycanlının öldürülməsini "Rusiyanın Azərbaycan vətəndaşlarını təhqir etməsi və Azərbaycanı hədələməsi" kimi qiymətləndirib.

Azərbaycan Prezidentinin saytı yazıb ki, İlham Əliyevin Zelenski ilə telefon söhbətində "Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək" ifadə edilib.

İyunun 27-də Rusiyada, Yekaterinburqda hüquq-mühafizə orqanları birgə əməliyyat keçirib və nəticədə iki azərbaycanlı öldürülüb, ikisi yaralanıb.

Azərbaycanın Baş Prokurorluğu Rusiyada azı 14 nəfərin saxlandığını və onlardan 12-nin Azərbaycan vətəndaşı olduğunu deyib.

İyunun 30-da Bakıda iki rusiyalı jurnalist saxlanılıb. Bir gün sonra azı 8 Rusiya vətəndaşı İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinərək məhkəməyə çıxarılıb.

Videonu Youtube kanalımızda izləyin.

Seçilən
6
20
bbc.com

10Mənbələr