Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampın “diqqət dəlisi” adlandırıb.
Publika.az xəbər verir ki, Merkel Trampın siyasəti “sahibkar gözü ilə” qiymətləndirdiyini söyləyib.
Yunanıstanın “Kathimerini” qəzetinin xatirə kitabının yunanca nəşrinin təqdimat mərasimində çıxış edən Merkel 2017-ci ilin martında “Oval ofis”ə səfəri zamanı başına gələnləri danışıb. Trampın kameralar qarşısında əlini sıxmaqdan imtina etdiyini, pərdə arxasında isə mübahisə etdiklərini bildirib. Keçmiş kansler “Tramp diqqəti özünə çəkmək, hamının ona baxmasını istəyirdi” deyib.
Trampın son zamanlar beynəlxalq gündəmdə olan əlavə gömrük rüsumları ilə bağlı məsələdə də çılğınlıqla hərəkət etdiyini iddia edən Merkel, avropalıların Tramp administrasiyasına qarşı “geri addım atmadan birləşməli və öz vergiləri ilə cavab verməli” olduğunu söyləyib.