AZ

Amerikalı rejissoranimasiyaya qayıdır - 13 ildən sonra

Kulis.az Orxan İsmayılovun yeni yazısını təqdim edir.


Migel de Servantes Saavedra (1547–1616) tərəfindən yazılmış “El ingenioso hidalgo Don Quijote de la Mancha” – “Don Kixot” (1605-1615) romanı yalnız İspaniya ədəbiyyatının deyil, Qərb narrativ ənənələrinin başlanğıc nöqtəsi kimi qəbul edilir. Servantes bu romanla yalnız bir janrı — cəngavərlik romanlarını — tənqid etmir; o, öz dövrünün epistemoloji strukturlarına, mətnin gerçəkliklə olan münasibətinə dair əsaslı suallar qoyur.

Roman həm Renessans rasionalizmi, həm də Barokko dövrünün ziddiyyətləri fonunda yazılmış və XVII əsr İspaniyasında hakim olan siyasi-mədəni parçalanmanın ədəbi ifadəsinə çevrilmişdir. Don Kixot bir tərəfdən keçmişin nizamını bərpa etməyə çalışan bir nostalji qəhrəmanı, digər tərəfdən isə müasirliyin doğurduğu paradoksal qəhrəmandır.

Romanın əsas strukturunu dualist qarşıdurmalar təşkil edir. Don Kixot – xəyal, idealizm, keçmiş və subyektivliyin, Sanço Panza isə reallıq, məntiq, gündəlik həyat və fiziki dünyanın rəmzidir.

Servantesin romanı metafiksiya baxımından da çox önəmlidir. İkinci hissədə Don Kixot birinci hissədə haqqında yazılan kitabı oxuyur, öz macəralarından xəbərdardır. Bu, öz-özünü şərh edən mətn anlayışına klassik nümunədir.

Bu struktur vasitəsilə Servantes oxucunun mətndəki hadisələrə olan inancını pozur və onu real dünya ilə mətn dünyası arasındakı sərhədləri sorğulamağa sövq edir. Bu texnika sonradan XX əsr postmodernist yazarlarında geniş şəkildə istifadə olunmuşdur.

Əsərin əsas suallarından biri budur:

Don Kixot ağlıçaşmış bir qoca idi, yoxsa ətrafda baş verənləri sadəcə görmək istəmirdi?

Bəli, onun idealizmi uduzur. O, döyülür, alçaldılır, aşağılanır. Lakin bütün bunlarla onun mənəvi zəfəri tamamlanır. Bütün maddi məğlubiyyətlərə baxmayaraq, onun ruhi qələbəsi oxucuya yol göstərir.

Don Kixotun axırda ağlını bərpa edib ölməsi, əslində, fantaziyasını itirmiş insanın ölümüdür. Bu, həm də bəşəriyyətin faciəsidir. Hər zaman ağıllı olmağa məcbur insanın içindəki uşaq öləndə onun özü də mənən ölür. Bu isə bütövlükdə bəşəriyyətin faciəsidir.

Texnologiya, məntiq və praktiklik üzərində qurulmuş müasir dünyada, əfsus ki, Don Kixot kimilərə yer yoxdur. Amma onların yoxluğu bəşəriyyəti ruhsuzlaşdırır. Şübhə yoxdur ki, hər bir yazıçıda Don Kixotdan nəsə tapmaq olar və ya hər bir şairin içində yel dəyirmanlarına hücum etmək qəsdində olan bir axmaq yatır.

Ənənəvi cəngavərlik romanlarında qəhrəmanlar mükəmməl fiziki gücə, mənəvi əzəmətə malik olur. Don Kixot isə sısqa, zəif və yaşlıdır. Başqa sözlə, antiqəhrəmandır. Amma burada Servantesin etdiyi sadəcə satira deyil, bu janrın dekonstruksiyasıdır.

O, janrı sındırır, sonra onun içində öz ideoloji dünyasını qurur.

Əsərdə Don Kixotun inancı çox maraqlıdır. O, kilsəyə tabe olan bir itaətkar mömin deyil. O, öz “tanrısal nizamını” yaradır. Əzəldən qoyulmuş qanunlara boyun əymir, vicdanının və qəlbinin səsini dinləyir.

Bu, xristianlıqla ekzistensializm arasında bir körpüdür. Don Kixot, əslində, Dostoyevskinin “İdiot”undakı Müqəddəs ruha bənzəyir; onun gülünclüyü mahiyyətcə müqəddəsliyə çevrilir.

Don

Sanço Panza ilk baxışdan sadəcə bir köməkçidir. Amma getdikcə onun xalq hikməti, gündəlik fəlsəfəsi, məntiqə söykənən qərarları oxucunu Don Kixot qədər düşündürür.

Sanço qubernator olanda özünü idarəetmədə müdrik aparır. Onun içindəki “sadəlik” əslində, arxaik zəkanın canlı nümunəsi – xalq mədəniyyətinin daşıyıcısıdır.

Don Kixotun aşiq olduğu qadın – Toboslu Dulsineya həqiqətdə Aldonza Lorenzo adlı bir kəndli qızdır. Amma Don Kixot onu gözəllik, paklıq, ruhani məhəbbət simvoluna çevirir.

Burada Servantes iki mühüm ideya verir:

•Kişinin bir qadını idealizə etməsi, onun həmin qadını yox, öz arzularını sevməsidir.

•Reallıqla xəyalların qarşıdurması ən çox məhəbbətdə təzahür edir.

Romandakı ən ağrılı səhnə budur: Don Kixot sonda ayılır. Artıq fantaziya bitib, xəyallar yoxdur. O, öz adını xatırlayır, “artıq cəngavər deyiləm” deyir və ölür.

Bu ölüm ruhun yoxluğa qovuşmasıdır. Servantes burada çox sərt bir mesaj verir:

İnsan yalnız o zaman yaşayır ki, onun xəyalları olur.

“Don Kixot” romanı yalnız klassik ədəbiyyata deyil, müasir humanitar elmlərə – ədəbiyyatşünaslıq, fəlsəfə, psixologiya, dilçilik və hətta sosiologiyaya çoxcəhətli təsir göstərmişdir. Servantes öz dövründə roman janrının funksional sərhədlərini genişləndirərək, onu narrativ, simvolik və fəlsəfi diskurslara açıq bir formata çevirmişdir.

Romanın aktuallığı bu gün də öz qüvvəsindədir. Hələ də ideallar uğruna mübarizə aparanların, cəmiyyətin qınağına boyun əyməyənlərin, reallığın sərt həqiqətləri içində poetik baxışını itirməyənlərin simvoludur Don Kixot.

Seçilən
6
50
kulis.az

10Mənbələr