Bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ümumi gecələmə sayı 3 milyon 110 min 605 dəfə olub.
“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.
***
Ən kəskin artım kirayəyə götürülmüş evlərdə gecələmələrin sayında qeydə alınıb. 5 ay ərzində bu göstərici 405 min 753 dəfə olub ki, bu da 1 il əvvələ nisbətən 75,9 % artım deməkdir.
Kirayə evlərdə gecələmələr xüsusilə Hindistandan gələnlər arasında artıb. Onların gecələmələrinin sayı 144 min 408 olub. Bu da illik müqayisədə 2 dəfə çoxdur.
Rusiyadan gələnlər arasında kirayə evlərdə gecələmələrin sayı 53,2 % artaraq 56 min 68 dəfə, Səudiyyə Ərəbistanından gələnlər arasında kirayə evlərdə gecələmələrin sayı isə 28,8 % artaraq 27 min 126 dəfə olub.
***
Hesabat dövründə mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı isə 7,8 % artaraq 1 milyon 12 min 714 dəfəyə çatıb.
O cümlədən, Hindistandan gələnlərin mehmanxanalarda gecələməsi 223 min 469 dəfə (2,4 dəfə çox), Rusiyadan gələnlərin mehmanxanalarda gecələməsi 141 min 350 dəfə (25,5 % çox), Türkiyədən gələnlərin mehmanxanalarda gecələməsi isə 89 min 816 dəfə (14,7 % çox) təşkil edib.
***
Əvəzində son 1 ildə qohumların və dostların evində gecələmə hallarının sayı 19,8 % azalaraq 568 min 103 dəfə olub.
Bu kateqoriyada ən böyük azalma Rusiyadan gələn turistlər arasında olub. Onların qohumlarının və dostların evində qalma sayı 285 min 518 dəfə olub ki, bu da 1 il əvvələ nisbətən 35,9 % azalma deməkdir.
Türkiyədən gələnlərin qohumların və dostların evində gecələməsi 17,5 % artaraq 101 min 921 dəfə, Qazaxıstandan gələnlərin qohumların və dostların evində gecələməsi 47,7 % artaraq 42 min 568 dəfə olub.
***
İl ərzində turistlərin özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə gecələməsi halları isə 12,6 % artaraq 1 milyon 124 min 35 nəfər olub.
O cümlədən, bu kateqoriya üzrə gecələmələrin sayı Rusiyadan gələnlər arasında 12,7 % azalaraq 394 min 859 dəfə, Türkiyədən gələnlər arasında 84,9 % artaraq 142 min 723 dəfə, Gürcüstandan gələnlər arasında isə 13,4 % azalaraq 51 min 875 dəfə olub.
Beləliklə, yanvar-may aylarında ölkədəki gecələmələrin 32,55 %-i hotellərin, 67,45 %-i isə müxtəlif kateqoriyadan olan evlərin payına düşüb. Yəni, Azərbaycana gələn turistlərin mühüm hissəsi evlərdə gecələyir.