AZ

Bu qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında "Xüsusi icra məmurları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

"Cebheinfo.az" xəbər verir ki, qanun layihəsi 6 fəsil, 38 maddədən ibarətdir.

Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək.

Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir, onun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Xüsusi icra sistemi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.

Layihəyə əsasən, Xüsusi İcra Məmurlarının Palatası və Xüsusi İcra Məmurlarının Reyestri yaradılacaq.

Layihədə xüsusi icra məmuruna dair tələblər də müəyyənləşib, bundan başqa, onlar fəaliyyətə başlayarkən and içəcəklər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

"Cebheinfo.az" 

Seçilən
5
13
cebheinfo.az

10Mənbələr