AZ

“Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 6 medal qazanan yunan-Roma güləşçilərimiz vətənə qayıdıb.

Futbolpress.az xəbər verir ki, bir qızıl, üç gümüş və iki bürünc medalla komanda hesabında 2-ci yeri tutan millimiz üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi və brifinq təşkil edilib.

Nurəddin Rəcəbov, böyük məşqçi:

“Yarışda Avropanın ən güclü güləşçiləri iştirak edirdi. Gürcüstan komandasından cüzi xalla geri qaldıq. Ölkə daxili və xarici təlim-məşq toplanışlarımızı təşkil edən federasiyamıza təşəkkür edirəm. Qazandığımız medallar da bunun nəticəsidir. Bu uğurlarda payı olan hər kəsə minnətdaram. Güləşçilərimizin 30 faizi zədəli idi. Düzdür, daha çox qızıl medal qazana bilərdik. Buna da şükür. Düşünürəm ki, yüksək nəticə göstərdik. Əsas məqsədimiz böyüklər üçün güləşçiləri düzgün formada hazırlamaqdır. İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”.

Ayxan Cavadov, Avropa çempionu:

“Allaha şükürlər olsun ki, U20 Avropa çempionatında ilk çıxışımda çempion oldum. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Qələbəmi ailəmə həsr edirəm. Yarış çox ağır keçdi. Xüsusən yarımfinalda Gürcüstan güləşçisi ilə görüşü qeyd edə bilərəm. Ona 4:1 hesabıyla qalib gəldim. Finalda ötən il Avropa çempionu olmuş İsveç güləşçisiylə qarşılaşdım. Ona da qalib gəlib çempion oldum. İnşallah, qarşıdan gələn dünya çempionatında da eyni nəticəni təkrarlayacağam”.

Turan Daşdəmirov, Avropa ikincisi:

“Yarış yaxşı keçdi. Allaha həmd olsun, gümüş medal qazandım. Bu, qızıl da ola bilərdi. Finalda iki parter şansını əldən verdim. İnşallah, səhvlərimi aradan qaldırıb, dünya çempionu olaram. Valideynlərimə, şəxsi məşqçim Akif Əliyevə və millinin məşqçilərinə təşəkkürümü bildirirəm. İnşallah, bundan sonra daha yaxşı olar”.

Tural Əhmədov, Avropa ikincisi:

“Yarış çox yüksək səviyyədə keçdi. Finala qədər tam istədiyim kimi güləşdim. Finalda bir qədər səhvlərə yol verdim. İnşallah, həmin səhvlərin üzərində işləyib, dünya çempionu olmağa çalışacağam. Milli komandanın məşqçilərinə və şəxsi məşqçimə təşəkkür edirəm”.

Davud Məmmədov, Avropa ikincisi:

“Ən çətin rəqibim yarımfinalda idi. Erməni rəqibimə qalib gəldim. Finalda görüşün əvvəlində buraxdığım səhv həlledici oldu. Bir çox göstəricilərə görə rəqibdən üstün idim. Sadəcə, taktiki cəhətdən səhvə yol verdim. Dünya çempionatına qədər bu səhvi aradan qaldırmağa çalışacağam”.

Fəraim Mustafayev, Avropa üçüncüsü:

“Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Yaxşı formada idim. Yarımfinalda öndə olduğum görüşü uduzdum. Hesabda 5:0 öndə olarkən sinə üzərindən atma fəndini etmək istədim. Bu zaman səhvə yol verdim və yerə yıxıldım. Fərq minimuma enəndən sonra rusiyalı güləşçidə özünəinam yarandı. Mən isə ardıcıl səhvlərə yol verdim deyə məğlub oldum. Bu səhvlərin üzərində işləyib, dünya çempionatına daha yaxşı hazırlaşmaq lazımdır. İnşallah, həmin yarışda çempion olmaq üçün əlimdən gələni edəcəyəm”.

Elmin Əliyev, Avropa üçüncüsü:

“Yarışa çempion olmağa getmişdim. Şükürlər olsun ki, medalsız qalmadım. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Şəxsi məşqçi Alı Ağayevə, böyük məşqçi Nurəddin Rəcəbova və digər məşqçilərimizə minnətdaram. Bu il növbəti hədəflərim U20 və U23 dünya çempionatlarının qalibi olmaqdır”.

Seçilən
5
2
futbolpress.az

10Mənbələr