AZ

Azərbaycanla iqtisadi münasibətlərin pozulmasından ən çox kim itirəcək - Rusiya, ya...?


Azərbaycan və Rusiya arasında münasibətlər gərginləşməkdə davam edərsə, bu, iqtisadi sahəyə də təsirsiz ötüşməyəcək. Artıq qeyd edilən xüsusda rus mediasında müəyyən fikirlər səslənir.

Məsələn, “Vedomosti” ekspertlərə istinadla yazır ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərin kəskinləşməsi ölkələr arasında iqtisadi əlaqələrin qırılmasına şərait yaradır: “Bundan ən çox zərəri isə, gözlənildiyi kimi, Bakı görəcək. İqtisadiyyatda Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqənin əsas məqamları enerji və kənd təsərrüfatı məhsullarının ticarətidir. O cümlədən, Bakı daxili istehlak üçün Rusiyadan daha ucuz neft alır. O özünün bahalısını ixrac edir, yaxşı gəlir əldə edir. Bundan əlavə, Azərbaycan meyvə-tərəvəzləri Rusiyaya ixrac edilir, xüsusilə Rusiyada Azərbaycandan gələn pomidorlar çoxdur.

Ticarət dayanarsa, kənd təsərrüfatı sektoru çətinliklərlə üzləşəcək və yeni alıcılar axtarmalı, logistika zəncirlərini yenidən qurmalı olacaq. Eyni zamanda, Azərbaycanın Rusiyanın ümumi ticarət dövriyyəsindəki payı bir faizdən də azdır. Deməli, Bakı ilə ticarət əlaqələrində mümkün fasilə Moskva üçün kritik əhəmiyyət kəsb etməyəcək. Lakin Azərbaycanın əlverişli satış bazarı olduğu Rusiyanın cənub bölgələrində çətinliklər yarana bilər. Son beş ayda Rusiya ilə Azərbaycan arasında ticarət artıb, ölkəmizdən gələn tədarükün əsas hissəsini yanacaq, metallar və zərgərlik məmulatları təşkil edib”.

Amma burada nəşr müəyyən yanlışlıqlara da yol verir. 2025-ci ilin ilk beş ayında Azərbaycanın Rusiyaya ixracı 445 milyon dollar, Rusiyadan idxalı isə 1 milyard 715 milyon dollardan yuxarı olub. Bu isə o deməkdir ki, Azərbaycanın Rusiyadan aldığı malların dəyəri ona satdığı məhsullardan təxminən 3.8 dəfə çoxdur. Eyni dövrdə Rusiya ilə ticarət dövriyyəsi 2 milyard 16 milyon dollar təşkil edir ki, bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin 10.3 faizi deməkdir və Rusiyanı İtaliya və Türkiyədən sonra üçüncü ən böyük tərəfdaş edir. Qeyri-neft məhsulları üzrə Rusiya Azərbaycan üçün ən böyük bazardır, burada Rusiyaya ixrac 442.9 milyon dollarla qeyri-neft ixracının 31.5 faizini təşkil edir.

İdxal baxımından Rusiya 17.2 faiz ilə Çin və Türkiyədən üstün olub, bu isə idxal strukturunda Rusiyanın mühüm mövqeyini göstərir. Deməli, iqtisadi əlaqələrə xələl gələrsə, bundan daha çox Rusiya zərər görəcək. Düzdür, iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiyanın çox mühüm bazar olduğunu deyir. Belə ki, 2024-cü ildə kənd təsərrüfatı, qida sənayesi məhsulları üzrə Rusiyaya 700 milyon ABŞ dollarına yaxın məhsul ixrac olunub: “Yəni, ümumi Rusiya bazarlarına ixracın 60 faizdən artıq hissəsi məhz qida sənayesi, kənd təsərrüfatı məhsullarının payına düşür və bir çox kənd təsərrüfatı məhsulları üzrə Rusiya, demək olar, 90 faiz ixrac bazarı hesab olunur. Bu aspektdən münasibətlərin gərginləşməsi və bunun iqtisadi məcraya yönəlməsi azərbaycanlı ixracatçılar üçün çətinliklər yaradacaq. Rusiya ixracatçılarına da müəyyən çətinliklər yaradır”. Qafqaz, Orta Asiya, Şərqi Avropa haqda analizlər hazırlayan Xəzər Tədqiqat və Analiz Mərkəzi yazır ki, Azərbaycanın MDB məkanı ilə ticarətində əsas yeri Rusiya tutur və son 18 ildə bu ölkə ilə ticarət dövriyyəsinin həcmi durmadan artıb. Mərkəz qeyd edir ki, son 10 ildə Azərbaycandan ixrac 11 faiz və ya 118 milyon dollar artdığı halda, Rusiyadan idxalın həcmi iki dəfədən çox, yaxud 1.7 milyard dollara yaxın böyüyüb. Yəni, əslində Azərbaycan Rusiya üçün daha böyük bazar rolunu oynayır, nəinki nəhəng Rusiya Azərbaycan üçün.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin bu il açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycandan Rusiyaya təxminən 540 min ton meyvə və tərəvəz göndərilib. Xidmət pomidor ixracında artıma diqqəti çəkib və qeyd edib ki, 2024-cü ildə Azərbaycan Rusiyaya 141.9 min ton pomidor tədarük edib ki, bu da 2023-cü ildəki 133 min tonla müqayisədə 6.7 faiz çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın pomidor ixracı 113.8 milyon dollar olub. Mayda qeyri-neft məhsulları arasında pomidor ixracı 39.1 milyon dollarla ən yüksək səviyyəyə çatıb, Azərbaycan pomidorunun əsas alıcısı isə Rusiya hesab olunur.Kremlə yaxınlığı ilə seçilən media qurumlarında Azərbaycanın Yekaterinburq hadisələrinə sərt reaksiyasını əsassız sayaraq pomidor idxalını dayandırmaq kimi təhdidlər irəli sürülüb, “Rossiya 1” telekanalından da bu fikirlər səsləndirilib. ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Kremlin bu təhdidlərini zəif addım kimi qiymətləndirsə də, Azərbaycanın bu asılılığı azaltmalı olduğunu deyir: “Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80 faizə yaxın asılılıq doğru deyil. Yeni daha premium bazarlara çıxış tapmaq lazımdır. 5100 nüvə başlığı, 17 mln. kv.km ərazisi olan ölkənin təhdidinə baxın: “pomidorunuzu almarıq”! Belə düşük şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq, Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında böyük ölkə ola bilməyəcək”.Ekspert xatırladıb ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 milyon dollarlıq mal satıb, Rusiyadan isə 1.7 milyard dollarlıq mal alıb: “Rusiya bizə bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya respublikalarına ixracatımızı artırmalıyıq. Pomidor məsələsi də belədir – ölkə olaraq bu ilin ilk 5 ayında 113 mln. dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür, Körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!”. Hər iki tərəfin rəsmiləri isə indiyədək ölkələr arasında iqtisadi əlaqələri genişləndirmək istədiklərini dilə gətiriblər. Bu il iki ölkənin kənd təsərrüfatı nazirləri aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyiblər. Ara-sıra rəsmi Bakı və Kreml arasında gərginliklər olsa da, bunlar iqtisadi sanksiyalara aparıb çıxarmayıb. 2025-ci ildə Rusiya ilə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizində yükdaşımaların inkişafı üzrə əməkdaşlıq sazişi təsdiqlənib. Hər iki ölkənin yol şəbəkələrinin inteqrasiyası, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, Xəzər dənizində yeni marşrutların yaradılması kimi birgə layihələr üzərində işlədiyi bildirilir.

Samirə SƏFƏROVA

Seçilən
7
11
baki-xeber.com

10Mənbələr