Belarus Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkəti (Белтелерадиокомпания) növbəti təhlil materialında Ermənistanı Qərbin Cənubi Qafqazdakı “ikinci Ukrayna”sı adlandırıb.
Musavat.com-un xəbərinə əsasən, Belarus dövlət mediasının yaydığı reportajda iddia olunur ki, Qərb dairələri Ermənistanı bölgədə yeni qarşıdurma ocağına çevirmək üçün məqsədyönlü fəaliyyət göstərir.
Verilişdə xüsusi vurğulanır ki, Ermənistan hazırda NATO-nun və Avropa strukturlarının siyasi orbitinə cəlb olunaraq Rusiyanın təsir dairəsindən çıxarılmağa çalışılır. Reportaj müəllifləri hesab edirlər ki, Qərbin məqsədi Cənubi Qafqazda “ikinci Ukrayna ssenarisi”ni reallaşdırmaq, regionu daha da gərginləşdirmək və bununla da Rusiyanın sərhədləri yaxınlığında yeni münaqişə ocağı yaratmaqdır.
Belarus televiziyası həmçinin diqqətə çatdırıb ki, bu proseslərdə Ermənistanın özü də müəyyən maraqlar güdür, lakin uzunmüddətli perspektivdə Qərbin planları İrəvan üçün ağır nəticələr doğura bilər.
Xatırladaq ki, son aylar Qərb ilə Ermənistan arasında münasibətlər intensiv şəkildə inkişaf edir, NATO ilə əməkdaşlıq proqramları genişlənir. Bunun fonunda Rusiya KİV-ləri və indi də Belarus mediası Ermənistanı Qərbin “yeni Ukrayna layihəsi”nin tərkib hissəsi kimi təqdim etməyə başlayıb.
Musavat.com