AZ

Xankəndidə keçirilən ECO Zirvəsi: Azərbaycanın möhtəşəm qayıdışı və regional liderliyinin göstəricisi

2025-ci il iyulun 4-də Azərbaycanın qədim və əzəli torpağı olan Xankəndi şəhəri mühüm bir beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Prezident İlham Əliyevin bu əlamətdar tədbirdəki çıxışı, Azərbaycanın regional və beynəlxalq müstəvidə artan rolunun, eyni zamanda torpaqlarının işğaldan azad edilməsindən sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və inkişaf strategiyasının parlaq təcəssümü oldu. Prezident İlham Əliyev çıxışının əvvəlində Zirvə görüşünün məhz Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bu, Azərbaycanın üçüncü dəfədir ki, ECO Zirvə toplantısına ev sahibliyi etməsidir. Əgər əvvəlki görüşlər 2006 və 2012-ci illərdə Bakıda keçirilmişdisə, budəfəki görüş Qarabağ torpağında - işğaldan azad edilmiş ərazidə təşkil olunmuşdur. Bu fakt təkcə tarixi bir ədalətin bərpasını deyil, həm də Azərbaycanın öz suverenliyinə tam nəzarəti, təhlükəsizlik və sabitliyi təmin edə biləcək güclü dövlət olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Ermənistanın 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi vəhşiliklərdən bəhs edərək, etnik təmizləmənin nəticələrini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Azərbaycanın 20 faizə yaxın ərazisinin işğal altında saxlanılması, bir milyondan çox soydaşımızın öz dədə-baba yurdlarından didərgin salınması beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan dövləti bu işğalla heç vaxt barışmadı və nəticə etibarilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək ərazi bütövlüyünü təmin etdi. Prezidentin qeyd etdiyi kimi, bu qələbə təkcə hərbi deyil, həm də siyasi, mənəvi və hüquqi qələbədir. Zirvə görüşündə Prezident İlham Əliyev Ermənistanın törətdiyi mədəni soyqırım faktlarını da xüsusi qeyd etdi. İşğal dövründə 67 məsciddən 65-nin dağıdılması, digərlərinin isə təhqiredici formada istifadəsi, qəbiristanlıqların və tarixi abidələrin məhv edilməsi Azərbaycanın milli və dini kimliyinə qarşı aparılmış sistemli vandalizmi ortaya qoyur. Dövlət tərəfindən yaradılmış komissiyanın hesablamalarına görə, Ermənistanın Azərbaycana vurduğu maddi ziyan təxminən 150 milyard ABŞ dolları təşkil edir. Bu günə qədər 400-dən çox vətəndaş mina partlamaları nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Bu faktlar beynəlxalq ictimaiyyət üçün Ermənistanın hərbi-siyasi məsuliyyətini sübut edən mühüm dəlillərdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirir. Prezident İlham Əliyev "Böyük Qayıdış" proqramının uğurla icra olunduğunu və artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıtdığını bildirdi. Hal-hazırda 50 mindən çox insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır. Bu göstəricilər təkcə Azərbaycanın iqtisadi potensialını deyil, həm də milli iradənin gücünü əks etdirir. Xankəndi şəhərində keçirilən Zirvə görüşü həm də beynəlxalq əməkdaşlığın yeni bir mərhələsinə təkan verdi. Prezident İlham Əliyev çıxışında ECO-nun üzv ölkələri ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Xüsusilə 2023-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ECO məkanında bir ilk kimi tarixə düşdü. 197 ölkənin iştirak etdiyi bu qlobal tədbirdə inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımının əhəmiyyətli dərəcədə artırılması, İtki və Zərər Fondunun yaradılması və karbon bazarlarının tənzimlənməsi sahəsində əldə edilən razılaşmalar Azərbaycanın qlobal iqlim diplomatiyasındakı uğurlarını təsdiq etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə ilk dəfə ECO Həftəsi keçirilmişdir. Bu çərçivədə Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil olunmuşdur. Forumlarda iştirak edən nümayəndələrin Xankəndidə Zirvə görüşü zamanı təqdim etdiyi məruzələr işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən genişmiqyaslı inkişaf tədbirlərini əyani şəkildə ortaya qoyur. Azərbaycanın təşəbbüsü ilə yaradılan və yaxın gələcəkdə fəaliyyətə başlayacaq ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzi də regional əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayacaq. Eyni zamanda 2026-cı ildə Şuşa şəhərinin "ECO-nun Turizm Paytaxtı" elan edilməsi Azərbaycanın turizm potensialının da beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Prezident İlham Əliyev çıxışında Qərbi azərbaycanlıların hüquqları məsələsinə də toxunaraq, bu istiqamətdə görülən beynəlxalq səviyyəli işlərdən danışdı. İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında 57 üzv ölkənin yekdil dəstəyi ilə qəbul edilmiş qətnamə, deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun təsdiqi və Ermənistanın bu məsələdəki qeyri-konstruktiv mövqeyinin pislənməsi Azərbaycanın bu istiqamətdəki haqlı mövqeyinin də beynəlxalq birlik tərəfindən dəstəkləndiyini göstərdi. Dövlət başçısının vurğuladığı kimi, bu proses sülh yolu ilə davam etdiriləcək və Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı təmin ediləcək.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın əlverişli sərmayə mühiti haqqında danışaraq bildirdi ki, son 20 ildə ölkə iqtisadiyyatına təxminən 350 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyalardır. Bu fakt Azərbaycanın güclü iqtisadi təmələ, sabit siyasi sistemə və investorlar üçün cəlbedici mühitə sahib olduğunu sübut edir.

Enerji sahəsində də Azərbaycan qlobal arenada önəmli rol oynayır. Prezidentin vurğuladığı kimi, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sahəsində mühüm tranzit ölkəsinə çevrildiyini nümayiş etdirir.

Nəticə etibarilə, Xankəndi şəhərində keçirilən ECO Zirvə görüşü Azərbaycanın müasir reallıqlarını, artan nüfuzunu və regional liderliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı isə həm siyasi iradənin, həm də strateji baxışın bariz nümunəsi kimi yadda qaldı. Bu Zirvə görüşü təkcə ECO çərçivəsində deyil, ümumilikdə regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsi oldu.

Seçilən
2
50
day.az

10Mənbələr