“Vasko da Qama” 33 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçi Filipe Koutinyonu “Aston Villa”dan tamhüquqlu əsasda satın alıb.
Arena.az bu barədə Braziliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər bir illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Keçidin əməliyyat məbləği açıqlanmayıb. “Vasko da Qama” daha əvvəl icarəyə götürdüyü futbolçunu, müqaviləyə görə satınalma hüququndan istifadə etməklə heyətinə qatıb.
Xatırladaq ki, “Vaskao” Koutinyonu 2024-cü ilin iyun ayında “şirlər”dən icarəyə götürmüşdü.
Filipe Koutinyo “Vasko da Qama”nın məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində “İnter”, “Espanyol”, “Liverpul”, “Barselona”, “Bayern”, “Aston Villa” və “Əl-Duhail”də (Doha) çıxış edib.
2024/2025-ci illər mövsümündə “Vasko da Qama” üçün 26 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Filipe Koutinyo 2010-cu ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 68 oyun keçirib, 21 qol vurub və 11 məhsudlar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 4,50 milyon avro məbləğ müqabilində qiymətləndirir.