“Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Bakıya nümayəndə heyəti göndərib. Artıq nümayəndələrin ölkədə fəaliyyətə başlaması barədə məlumatlar yayılıb. Rusiya rəsmiləri də münasibətlərin əvvəlki səviyyəyə qaldırılmasının vacibliyini açıq şəkildə dilə gətirirlər. Bir neçə gün əvvəl Azərbaycanı “asıb-kəsənlər” indi ya səslərini kəsib, ya da tonlarını dəyişiblər”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin qeyri-rəsmi səfəri zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub. Politoloqun iddiasına əsasən, Rusiya Prezidenti Vladimir Putin bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə və ictimaiyyətə şəxsi mesajını çatdıracaq, həmçinin münasibətlərin normallaşdırılması istiqamətində bəzi təkliflər irəli sürülə bilər:
“Əgər bu təkliflər qəbul olunarsa, Azərbaycanı narahat edən bir sıra problemlərin həllinə yönəlmiş addımlar kimi qiymətləndirilə bilər. Lakin Azərbaycan tərəfi də münasibətlərdə yaranan gərginliklə bağlı öz baxışlarını qarşı tərəfə çatdıracaq.
Əlimusa İbrahimov bildirir ki, ictimaiyyətin əsas maraqlandığı məsələ bu təşəbbüsün nə dərəcədə nəticə verə biləcəyi və münasibətlərin əvvəlki səviyyəyə qaytarılıb-qaytarılmayacağıdır. Yekaterinburqdakı faciəvi hadisələrdən sonra Bakı-Moskva xəttində yaranan gərginliyin aradan qaldırılması üçün zaman tələb olunduğunu düşünənlər də var:
“Bəzi ekspertlərin fikrincə, hər şey Rusiyanın davranışından asılıdır. Onların qənaətinə görə, Rusiya yeni reallıqları qəbul etməli və Azərbaycanın artan qlobal nüfuzunu nəzərə almalıdır.
“Rossiya 24” telekanalında danışan Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə bildirib ki, Rusiya Azərbaycanla bütün məsələləri həll edə biləcək vasitələrə malikdir: “Məsələdə emosional və təxribat xarakterli çağırışlar kənara qoyulmalı, peşəkar müzakirələr aparılmalıdır. Kim günahkardır, bu müəyyənləşdirilməlidir. Rusiya həm Azərbaycanla, həm Ermənistanla, həm də digər ölkələrlə əlaqələrə sahib olub””.
Bununla belə, politoloq hesab edir ki, baş verənlər Rusiyanın Azərbaycana qarşı tamamilə yeni bir yanaşma sərgiləməyə hazır olduğunu deməyə əsas vermir.
“Azərbaycanın gözləntisi ondadır ki, onun Cənubi Qafqazda və beynəlxalq aləmdə artan rolunu Rusiya və digər dövlətlər qəbul etsin. Əks halda, münasibətlərin inkişafından danışmaq real görünmür. Əgər gərginlik davam edərsə, Rusiya bölgədə mövqelərini ardıcıl şəkildə itirəcək,” – deyə Əlimusa İbrahimov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan bir dəfə tərk etdiyi yerə geri dönməyi sevmir. Üstəlik, Rusiya ilə münasibətlərdə baş verənlər digər türkdilli dövlətlər tərəfindən də izlənilir və bu, Moskva üçün xoş olmayan nəticələr doğura bilər.
//Gülnarə Abasova, Editor.az