Avtosfer saytına istinadən ain.az xəbər verir.
Son dövrlər kiberdələduzluq halları artmaqda davam edir. İstər şəxsi məlumatların oğurlanması, istərsə də bank hesablarına müdaxilələr insanların təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Rəqəmsallaşan cəmiyyətdə informasiya təhlükəsizliyi ilə yanaşı, vətəndaşların rəqəmsal savadlılığı da prioritet məsələyə çevrilib.
Kibertəhlükələr artdığı halda, əhalinin rəqəmsal savadı buna hazırdırmı? Bankların maarifləndirmə tədbirləri əhalinin bu istiqamətdə məlumatlanmasına kifayət edir?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, baş vermiş hadisələrin, şikayətlərin, paylaşılan məlumatların və dəfələrlə edilən xəbərdarlıqların fonunda insanların rəqəmsal savadlılığı aşağı səviyyədə olduğunu demək olar:
“Xüsusilə orta yaşdan yuxarı insanların və yaşlı nəslin rəqəmsal bacarıqları və savadlıqları çox zəifdir. Dəfələrlə xəbərdarlıqlar edilir, sosial çarxlar nümayiş etdirilir, sosial şəbəkələrdə əlaqədar qurumlar bununla bağlı tez-tez paylaşım və xəbərdarlıq mesajları yayımlayırlar. Amma bütün bunlara rəğmən, insanlar bir mənalı şəkildə savadlanmaq, rəqəmsal savadlılıq istiqamətində inkişaf etmirlər.
İnsanlar əyləncəli, çal-çağır videoları, hər hansı “TikTok” istifadəçisinin yayımlarını izləyirlər, amma 30 saniyəlik, bir dəqiqəlik elanı oxumurlar, xəbərdarlıq videosuna baxmırlar ki, sonrakı mərhələlərdə dələduzların aldatma halları ilə rastlaşdıqda, həmin mesaj gəldikdə, özlərini vəziyyətdən çıxara bilsinlər.
Bununla bağlı edilən şikayətlərdən də açıq görünür ki, daha çox yaşlı nəslin və orta yaş nümayəndələri dələduzluq hallarında zərər görür. Ona görə də mən hər zaman təklif edirəm ki, sosial çarxlar şəhərdəki monitorlarda, metrolarda, həm səsləndirilərək, həm də göstərilərək nümayiş etdirilməlidir.
Bu çarxlar avtobuslardakı monitorlarda, metropoliten ərazisindəki monitorlarda, şəhərin müxtəlif yerlərindəki böyük ekranlarda da nümayiş olunmalıdır. Yollardakı reklam panolarında da bu tip mesajlar olmalıdır. Birmənalı şəkildə sosial çarxlar nümayiş etdirilməlidir – rəqəmsal bacarıqlar, savadlılıq, xüsusən media savadlılığı baxımdan, yalan xəbərlərə inanmamaq baxımdan”.
Sosioloq əlavə edib ki, daha sonra hüququnu bilmədiyi üçün vətəndaş haqlı olduğu halda haqsız vəziyyətə düşür:
“Bütün bunlar mütəmadi olaraq izlədilməlidir. İnsanların göz yaddaşında, beyin yaddaşında qalmalıdır. Necə ki pandemiya dövründə, yadınızdadır, avtobusda, metroda daim virusla bağlı məlumatlar səsləndirilirdi, insanlar məlumatlandırılırdı. Bu da eyni formada həyata keçirilə bilər.
Vaxtaşırı maarifləndirmə məsələsini effektiv hesab etmirəm, çünki yalnız bir mesajla kifayətlənirlər. Ona görə də banklar və digər qurumlar sosial çarxlar hazırlamalı, onları şəhərin müxtəlif yerlərində nümayiş etdirməyə nail olmalıdır.
Televiziyalarda sosial çarxlar ödənişsiz nümayiş etdirilməlidir. Televiziyalar isə bu işdə maraqlı deyillər, çünki bu çarxların efirdə yayımlanması üçün ödəniş almırlar.
Bunu dövlət səviyyəsində rəsmi şəkildə tətbiq etmək lazımdır. Çünki insanlar həddindən artıq zərər görür – həm rəqəmsal bacarıqlarının aşağı olması, həm də media savadlılığının zəifliyi səbəbindən.
Onlar çox vaxt aldanırlar, şayiə xarakterli xəbərlərə inanırlar, dələduzların hücumlarına məruz qalırlar. Rəqəmsal savadlıqları olmadığından hərtərəfli zərər görürlər”.
İKT üzrə ekspert Elvin Abbasovun fikrincə, bu istiqamətdə dinamikalar həm nisbət, həm də məna etibarilə daim aşağı düşür və az da olsa, bu istiqamətdə bu istiqamətdə bəzi işarə olur:
“Azərbaycanda bir neçə sahədə, məsələn, pərakəndə sektor, dostluq, sosial münasibətlər və maarifləndirmə istiqamətində statistik göstəricilər kifayət qədər aşağı düşüb.
Statistika birdən-birə qalxır, daha sonra yenidən aşağı enir. Bu isə o deməkdir ki, biz Azərbaycan üçün strategiyanı, yanaşma tərzini elə başa düşməliyik ki, bu, heç vaxt sabit və dayanıqlı bir istiqamət olmur.
Yəni, biz inkişaf etmiş ölkələrlə müqayisədə həm texnoloji, həm də insan kapitalı baxımından daha da irəliləməliyik. Məsələn, bank sektorunda və digər istiqamətlərdə texniki əməkdaşlar daha müasir avadanlıqlardan istifadə etməlidirlər, sistemlər daima yenilənməli, daha inkişaf etmiş texnologiyalar tətbiq edilməlidir.
Bununla yanaşı, vətəndaşın maarifləndirilməsi də aparılmalıdır. 2012-ci ildən bu istiqamətə diqqət artırılsa da, bir çox sahələrdə hələ də problemlər qalır və bir çoxları bu sahədə fərdi məsuliyyət daşımalıdır.
Burada əsas məqamlardan biri vətəndaşların maarifləndirilməsidir. Bu işi dövlət qurumları, böyük korporasiyalar, o cümlədən banklar və sığorta şirkətləri həyata keçirməlidirlər”.
Elvin Abbasov deyib ki, bu cür maarifləndirmə fəaliyyəti istər həmin şirkətlərin öz müştərilərinin maarifləndirilməsi baxımından, istərsə də ölkədə bu mədəniyyətin inkişaf etməsi baxımından önəmlidir:
“Bu istiqamət üzrə daim sosial məsuliyyət çərçivəsində fəaliyyət göstərmək lazımdır. Sosial platformalarda, media sahəsində, maarifləndirici layihələrdə və informativ resurslarda bu proses daim artan dinamika ilə davam etdirilməlidir.
Biz bir ritm, bir sistem quraraq bu dinamikaları nizamlamaq istəyiriksə, dinamikalar aşağı düşəndə də maarifləndirməni dayandırmamalıyıq. Çünki, bu, bir kulturadır və Azərbaycanda bu kulturanın formalaşması və güclənməsi vacibdir”.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.