“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov QHT.az-a açıqlamasında bildirib ki, keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması istiqamətində dövlət və ictimai institutlar tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlər üçün peşə bacarıqlarının artırılmasına yönəlik təlim proqramları təşkil olunur:
"Təlimlərə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər cəlb olunur. Böyük Qayıdış Dövlət proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin rahat yaşayış şəraitinin qurulması, məşğulluğunun təmin edilməsi Komitənin diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyev məcburi köçkünlərin geriyə dönüşü zamanı məşğulluğunun təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayır və çıxışlarında daim bunu xüsusilə vurğulayır. Məhz İşğaldan azad edilən ərazilərin yenidənqurulması zamanı yaşayış evlərinin, infrastrukturun qurulması ilə yanaşı müxtəlif müəssisələrin də istifadəyə verildiyini paralel şəkildə müşahidə edirik. Bunun da nəticəsində yeni iş yerləri açılır ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət edir. Dövlət Komitəsi ilə yanaşı digər əlaqədar qurumlar, QHT-rı da keçmiş köçkünlərimizin məşğulluq məsələlərinin həlli əlaqədar məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, peşə hazırlığı və sahibkarlıq təlimləri kimi tədbirlər həyata keçirilir. Əminik ki, keçmiş məcburi köçkünlərə onların məşğulluq məsələlərinin həlli istiqamətində göstərilən bu dəstəkdən doğma yurda qayıtdıqdan sonra öyrəndikləri peşə bacarıqları sayəsində şəmərəli istifadə edəcəklər".
Anar Xəlilov hesab edir ki, qısa müddət ərzində çox böyük işlər görülüb:
"Hesab edirəm ki, qısa zamanda çox böyük işlər görülüb, Nəzərə almaq lazımdır ki, dağıdılan infrastrukturun yenidən qurulması, viran edilmiş yaşayış məskənlərimizin bərpası, eyni zamanda ərazilərin minalardan təmizlənməsi kimi çətin işlərlə yanaşı məşğulluğun təmin edilməsi üçün yeni müasir bazar tələblərə cavab verən müəssisələrin də yaradılması istiqamətində görülən işlər təqdirəlayiqdir və çox böyük əmək və maliyyə deməkdir. Bu çətinliklərə baxmayaraq işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq və digər sahələr üzrə işlər lazimi sürətlə aparılır".
Pərvanə Fərhadqızı