AZ

Trampdan Zelenskiyə: “Volodimir, silah versək, Moskvaya zərbə endirə bilərsən?”

ABŞ Prezidenti Donald Trampın Ukraynaya yeni silahların tədarükünə yaşıl işıq yandırmasından sonra onun Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ərazisinin dərinliklərinə hücum etməyə təşviq etdiyi iddia olunur.

Sherg.az xəbər verir ki, "The Financial Times" (FT) qəzetinin danışıqlarla tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Zelenskiyə ABŞ Ukraynaya uzaqmənzilli silah versə, Moskvaya zərbə endirə bilib-bilməyəcəyini soruşub.

Bu ifadələrin Tramp ilə Zelenski arasında 4 iyulda baş tutmuş telefon danışığında səsləndirildiyi bildirilir. ABŞ-nin Ukraynaya uzaqmənzilli silah verib-verməyəcəyi hələ dəqiləşməsə də, bu açıqlama Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında gərginləşən münasibətləri bir daha üzə çıxarıb.

Məlumata görə, 4 iyul tarixində həm Tramp, həm də Putin arasında ayrıca bir telefon danışığı baş tutub. Tramp-Zelenski görüşü barədə məlumatlı iki mənbənin bildirdiyinə görə, Tramp ukraynalı həmkarına belə deyib:

“Əgər sizə bu işi həll edəcək silahlar verilərsə, Rusiya ərazisinin dərinliyindəki hərbi hədəfləri vura bilərsinizmi?”

Mənbələrin verdiyi məlumata əsasən, Tramp söhbət zamanı Zelenskiyə bu sualları ünvanlayıb:

“Volodimir, Moskvaya zərbə vura bilərsən? Sankt-Peterburqa da zərbə endirə bilərsən?”

Zelenski isə bu suallara belə cavab verib:

“Əlbəttə… Əgər bizə bu silahları versəniz, bunu edə bilərik.”

Danışıqlar barədə məlumatlı mənbələr bildirirlər ki, Tramp bu fikrə dəstəyini ifadə edib. Onun fikrincə, bu strategiya Rusiyaya “ağrını hiss etdirəcək” və Kremlin “danışıqlar masasına gəlməsini” təmin edəcək.

Danışıqlar haqqında məlumatlı Qərb rəsmilərindən biri isə bu söhbənin Ukraynanın Qərb müttəfiqləri arasında “müharibəni Moskvalıların evinə qədər aparmaq” məqsədilə uzaqmənzilli silahların verilməsinə artan marağı əks etdirdiyini bildirib.

Ağ Ev və Ukrayna Prezident Aparatı məsələ ilə bağlı şərh tələblərinə cavab verməyib.
Seçilən
32
1
sherg.az

10Mənbələr