AZ

"Melaniyanın səsi Trampın Ukrayna siyasətində ən güclü amildir" - "The Times"

"Ukraynanın Ağ Evdə gözlənilməz müttəfiqi..."

Donald Trampın Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərmək qərarı nə milli təhlükəsizlik müşavirlərinin, nə də beynəlxalq siyasət üzrə ekspertlərin tövsiyəsi ilə formalaşıb. Görünən odur ki, bu qərarın arxasında Trampın həyat yoldaşı, ABŞ-ın sabiq birinci xanımı Melaniya Trampın səssiz, lakin güclü təsiri dayanır.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Nəşrin araşdırmasına görə, Melaniyanın şəxsi təcrübələri və mənəvi mövqeyi Trampın Vladimir Putinə olan münasibətini kökündən dəyişib.

Sloveniyadan Ağ Evə uzanan yol

1970-ci ildə keçmiş Yuqoslaviyada - dəmir pərdənin o üzündə doğulmuş Melaniya Tramp sovet təsiri altındakı reallığı şəxsən yaşamış biri kimi Rusiya ilə bağlı illüziyaları olmayan azsaylı Ağ Ev sakinlərindən biridir. Onun Ronalda Reyqana duyduğu heyranlıq, "soyuq müharibə"nin başa çatmasına verdiyi dəyər və doğma ölkəsi Sloveniyanın Ukraynaya dəstəyi Melaniyanın dünya siyasətinə baxışını formalaşdırıb. Hətta oğlu Barronla ana dilində - sloven dilində danışmağa davam etməsi onun Avropa kimliyini heç vaxt unutmadığını göstərir.

Putinlə "əla söhbətlər" və Melaniyanın ayıldan reaksiyası

Tramp özü etiraf edir ki, Vladimir Putinlə dəfələrlə "əla söhbətlər" etdikdən sonra evə qayıdıb bunları Melaniyaya danışıb. Lakin hər dəfə birinci xanımın cavabı belə olub: "Doğrudan? Elə indicə daha bir şəhəri bombaladılar". Həmin dialoqlar Trampın Putinə olan inamını sarsıdıb. "Bir dəfə belə olanda qəribə gəlir. Üç-dörd dəfə təkrarlananda isə anlayırsan ki, bu söhbətlərin heç bir mənası yoxdur", - Tramp bildirib. Başqa bir dəfə, Tramp Putinlə razılığa gəldiyini düşünərkən, Melaniya ona yaşlılar evinin bombalanmasından danışıb. Bu kimi epizodlar Trampın siyasi instinktlərinə deyil, ailədaxili dialoqlara əsaslanaraq qərar qəbul etdiyini göstərir.

Müşavirlər yox, ailə: Tramp kimə qulaq asır?

"The Times" yazır ki, Melaniya Trampın təsiri Trampın siyasətinə düşündüyümüzdən qat-qat çoxdur. Təhlükəsizlik müşavirlərinin və xarici siyasət ekspertlərinin rəyləri olsa da, Tramp ən çox yaxın çevrəsinə,  xüsusilə də Tramp soyadlı insanlara qulaq asır. Yazıçı Meri Cordan deyir: "Tramp müəyyən məsələlərdə yalnız ona ən yaxın olanların dediklərinə inanır. Və Melaniya bu dairənin mərkəzində dayanır".

Ukraynaya simpatiya və siyasətə təsir

Melaniyanın Ukraynaya simpatiyası təkcə coğrafi yaxınlıqla məhdudlaşmır. O, 2022-ci ilin fevralında müharibə başladıqda açıq şəkildə bəyan edib: "Günahsız insanların öldürülməsi ürəkdağlayıcı və dəhşətlidir". Sosial mediada milyonlarla izləyicisinə ünvanladığı müraciətdə Ukrayna xalqı üçün dua etdiyini bildirib. Bütün bunlar Trampın son aylarda daha sərt Ukrayna siyasəti yürütməsinin səbəblərini aydınlaşdırır: o, Putinə olan inamını itirib. Və bu dönüşdə ən mühüm rolu, bəlkə də, nə NATO, nə Pentaqon, nə də Senat oynayıb - bu rolu birinci xanım Melaniya Tramp oynayıb.

Seçilən
84
50
moderator.az

10Mənbələr